Bazarlarda quş ətlərindən başqa bu quşların içalatı və ya ətlərin qalıqları da satılır.
Adətən bu hissələrdən də yeməklərin bişirilməsində istifadə edildiyindən satıcılar qazanc əldə edir. Di gəl ki, içalat və artıq hissələr tez xarab olan məhsullar siyahısında olduğundan satışına ciddi nəzarət olunmalıdır. Əməkdaşlarımızın araşdırması üzə çıxarıb ki, əksər bazarlarda və ya satış yerlərində necə gəldi satış həyata keçirilir. Ümumiyyətlə, satıcıların satış qaydaları haqda heç bir məlumatı yoxdur.
Satdığı məhsulu həvəslə təqdim edən satıcı əslində satış qaydalarından xəbərdardırmı?
Qazeta.info Xezerxeber.az-a əsasən məlumat verir ki, kəsilən ev quşlarının artıq hissələri və içalatı tez xarab olan məhsullar siyahısında olduğundan onların açıq şəraitdə satışı qadağandır.
Belə məhsullar soyuducuda, qapalı yerdə saxlanılmalı və tez bir vaxtda satılmalıdır. Bazarlarda isə əksinə, açıq şəraitdə, günlərlə piştaxtada, yaxud ayaq altında saxlanılır.
Satıcılar hər nə qədər özlərini müdafiə etməyə çalışsalar da, çəkdiyimiz görüntülər əksini ortaya qoyur. Açıq vəziyyətdə saxlanılan bu məhsullar alıcıların sağlamlığı üçün ciddi risk mənbəyidir.
Respublika Gigiena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, quş ətlərinin artıq hissələri və içalatları haqda alıcıya məlumat vermək, hansı təsərrüfatdan gətirildiyi, nə vaxt hazırlandığı və etibarlılıq müddəti haqda danışmaq şərtdir.
Bu məhsulların satışına nəzarət etməli olan baytarlıq labaratoriyaları çox zaman öz işlərini görmədiyindən belə hallara rast gəlinir. Nəzarətsizliyin sübutu isə baytar həkimləri yerində tapmamaqdır.