Bayrama mane olan işbazlar
18.09.2015 557 0.0 0

Qurban bayramının yaxınlaşması paytaxt bazarlarında qiymətlərin bahalaşmasına səbəb olub.

Məlumata görə, bəzi işbazlar bayramda istifadə olunacaq ərazaqların qiymətlərini süni şəkildə artırıblar. Bu da bazarlarda alıcılıq qabiliyyətini hiss olunacaq dərəcədə aşağı salıb.

Bazarlarda apardığımız araşdırmalar göstərdi ki, ən böyük bahalaşma meyvələrin qiymətində hiss edilir.

Satıcılar da bahalaşmanın olması ilə razıdırlar. Bildirirlər ki, buna səbəb fermerlərin satdıqları məhsulu onlara ötən ilki qiymətlərdən daha baha verməsidir.

 


Bazarlardakı vəziyyət


Satıcı Əzizə Cəfərova deyir ki, paytaxta rayon qeydiyyatı olan avtomobillərin buraxılmaması qiymətlərin qalxmasına birbaşa təsir edir.

“Əvvəllər gedib rayonlardan topdan satış qiymətə alıb həmin rayondakı yük maşınları ilə gətirdiyimiz zaman qiymətlər bizə də ucuz başa gəlirdi. Biz də daha ucuz satırdıq. İndi isə kiçik avtomobillərlə gətirilir deyə topdan satış qiyməti olmur. Bu da qiymət artımını labüd edir”,-deyə satıcı bildirdi.

 


Meyvələrin ötən ilki qiymətləri ilə bu ilki qiymətlərinin müqayisəsi


Bahalaşma tərəvəzlərin qiymətindən də yan keçməyib. Satıcı Oqtay Səfərov deyir ki, bu il tərəvəzlərin qiymətində artım daha çox hiss edilir.

“Qiymətlər son günlər daha çox qalxıb. Buna səbəb isə son bir neçə günün yağıntılı keçməsi və bostanlarda məhsul yığımının çətinləşməsidir. Bunu fürsət bilən fermerlər məhsulun azlığından istifadə edərək istədikləri qiyməti qoyurlar. Biz də satdığımız zaman həmin malın üzərinə müəyyən miqdar əlavə edirik. Nəticədə də bahalaşma çox hiss edilir”-deyə O. Səfərov dedi.

 


Tərəvəzlərin ötən ilki qiymətləri ilə bu ilki qiymətlərinin müqayisəsi


Bazarlarda qiymətinin artmadığı məhsullar da var. Çəzərlərin qiyməti ötən ilki qiymətlərlə eynidir. Bir hissəsində isə nisbətən ucuzlaşma hiss edilir. Çərəz satışı ilə məşğul olan Yaqub Nağıyev bu məhsullara tələbatın az olduğunu deyir.

”Keçən il bu vaxtlarda şabalıd 15 manat idisə bu il 10 manatdan yuxarı deyil. Buna səbəb isə bu il çərəzlərin hazırlandığı quru meyvələrin və digər çərəzlik meyvələrin bol olmasıdır”-deyə satıcı qeyd etdi.

 


Çərəzlərin ötən ilki qiymətləri ilə bu ilki qiymətlərinin müqaisəsi

 

Ucuzlaşma qurbanlıq heyvanlarda da hiss olunur. Qurban satışı ilə məşğul olan Emil Qurbanov deyir ki, qurbanlıq heyvanları satarkən iki məsələyə diqqət yetirilir.

“İlk olaraq alıcılara kiloqramı 8-9 manatdan kəsilmiş halda ət təklif edirik. Buna razı olmayıb özü kəsmək istəyənlərə isə gözəyarı qiymət təklif edilir ki, bu da ötən illə müqayisədə hiss olunacaq dərəcədə ucuzdur”-deyə qurban satan şəxs bildirdi. Ötən illərdə 17-18 kiloqramlıq bir qoç təxminən 150-160 manata satılırdı. Bu il isə satıcıların dediyinə görə qiymətlər azda olsa aşağı olacaq.

Ölkəmizdə bayrama bahalaşma ilə hazırlıq görülürsə dünya ölkələrində isə özünəməxsus şəkildə hazırlıqlar həyata keçirilir. Qonşu Türkiyədə Qurban bayramından bir ay qabaq Kənd Təsərrüfatı Nazirliyi bazar qiymətlərinə nəzarət etməyə başlayır.

Ölkədə ümumi iri və xırdabuynuzlu heyvanların hamısı qeydiyyata alınır və onlardan neçə irbuynuzlu və xırdabuynuzlu heyvanların qurbanlıq üçün yararlı olduğu müəyyənləşdirilir. Müvafiq qurumlar bu il üçün 14,2 milyon böyükbaş heyvanın 1 milyon 230 minini, 20 milyon kiçikbaş hayvandan isə 3 milyon 830 mininin qurbanlıq üçün yararlı olduğunu müəyyən edib.

Qurban bayramı ərəfəsində bazarlarda süni qiymət artımının qarşısını almaq məqsədilə paytaxtda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları bərpa olunacaq. Kənd Təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, Bakı Şəhər İcra başçısı ilə aparılan danışıqlardan sonra yarmarkaların keçiriləcəyi yerlər artıq müəyyənləşdirilib. 

 


Heydər Əsədov-Kənd Təsərrüfatı naziri 


Məqsəd- həmişəki kimi əhaliyə kənd təsərrüfatı mallarını daha ucuz təqdim etmək və həmçinin fermerlərin bazar çıxışını təmin etməkdir. Nazir onu da əlavə edib ki, əvvəlki illərdə olduğu kimi bu il də Qurban bayramında insanların daha ucuz qurbanlıq ala bilməsi üçün bir neçə min heyvan alınıb. Bayramda onlar müəyyən olunmuş yerlərdə əhaliyə satılacaq. 

 


Bazarlardakı vəziyyət

Nazirlər Kabinetinin qərarına əsasən Qurban bayramı 24, 25 sentyabra təsadüf edir. Qanunvericiliyə uyğun olaraq, həmin günlər qeyri- iş günü olacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar