Bayram namazının vaxtı açıqlandı
22.09.2015 917 0.0 0

Bayram namazı sentyabrın 24-də səhər saat 09:00-da Bakının “Təzə Pir” məscidində qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətindən  daxil olan məlumata görə, Qurban bayramı namazı qılmaq istəyən möminlər üçün hər cür şərait yaradılacaq və namaz digər məscidlərdə də eyni vaxtda qılınacaq.

Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki müqəddəs bayramdan biridir. Yəni İslama görə, ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun da biri Qurban bayramıdır. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir.

 


"Təzə Pir" məscidi


Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Kəsilmiş heyvan ətinin üç də bir hissəsi ev yiyəsində qalmaq şərti ilə, qalanı yoxsullara paylanılır.

Lakin Qurban bayramının vaciblik dərəcəsi heç də bununla bitmir. Yəni bu bayramın mahiyyəti, sadəcə, Allah yolunda heyvan kəsmək deyil. Qurban Bayramı Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.

Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.

Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Hacı Fuad Nurulla da Qurban Bayramı münasibəti ilə insanları təbrik etdi. Bu bayramın bütün müsəlmanlar üçün müqəddəs olduğunu vurğulayan dinşünas, Həcc ziyarətində olanlar üçün qurbanın kəsilməsinin vacib sayır. O, adi insanlar üçün qurban kəsməyi vacib saymasa da, amma imkan varsa, kəsməklərinin labüd olduğunu dedi: "Bayram günü yaxşı olar ki, 8 aylıq, bir yaşlı quzu kəsilsin. Əgər qoç kəsilirsə, onu yalnız bir nəfər kəsə bilər, amma dana və dəvəni şərikli də kəsmək olar. Kəsilmiş ət kasıblara paylanılmalıdır, qohum-əqrabaya yox ( əgər onların imkanı varsa). Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır. Qurban kəsilərkən, duanı bilmirsizsə, "Bismillah Allahu-əkbər" demək kifayətdir."

 


Hacı Fuad Nurullah - İlahiyyatçı

 

Digər ilahiyyatçı Qafar Ocaqlı isə qurbanı kəsərkən bu qaydalara əməl olunmasını dedi: "Yaxşı olar ki, heyvan təmiz yerdə kəsilsin. Koçu, dananı və ya dəvəni kəsməzdən əvvəl ona su verilməlidir. Bıçaq iti olmalıdır ki, heyvana əzab verilməsin, həm də bıçaq heyvana göstərilməlidir. Ümumiyyətlə, bir heyvanı o birinin qarşısinda kəsmək olmaz". Hacı Qyrban Bayramından danışarkən, bir məqama da toxundu ki, yaşı 12-dən aşağı olan uşaqların qarşısında kəsmək olmaz! 12 yaşından yuxarı uşaqların qarşısında kəsilərkən də, onlara bu hadfisəni başa salmaq lazımdır!

 


Hacı Qafar Ocaqlı - ilahiyyatçı


Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan,mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal dövlətindən, ailəsindən keçməyə hazır olan Hz. İbrahim qoca yaşlarına qədər övlad sahibi ola bilmir. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmail adında oğlu olur.

Lakin hələ bilmir ki, İsmail, ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Belə ki, Allah təala Hz. İbrahimə vəhy göndərərək onun son sınağını elan edir – İsmail Allah yolunda qurban kəsilməlidir. Atanın nə hisslər keçirdiyini təsəvvür etmək doğurdan da çətindir. Şeytanın onu bu addımdan çəkindirməsi üçün nələrə əl atdığı da məlumdur. 

Sınaq, Hz. İbrahim bıçağı İsmailin boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmailin əvəzinə qoç kəsməyi tapşırır. Elə o gündən də Qurban Bayramı qeyd olunur. 

Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar