Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) sosial şəbəkə vasitəsilə istifadəçilər arasında sorğu keçirib. Sorğu istehlakçıların bayat plov istehlak edib-etmədiklərini öyrənmək məqsədilə keçirilib.
Qazeta.info AQTİ-nin məlumatına əsasən bildirir ki, sorğuda iştirak edənlərin 61%-i bayat plov istehlak etmədiyini bildirib
İnstitutun rəsmi sosial şəbəkə hesablarında keçirilən sorğuda, ümumilikdə, 264 istifadəçi iştirak edib. Sorğuda iştirak edənlərin 104-ü (39%) bayat plov yediyini, 160-ı (61%) isə bayat plov istehlak etmədiyini bildirib.
Qeyd edək ki, bayat plovun yenidən isidilərək istehlak edilməsinin sağlamlıq üçün müəyyən riskləri mövcuddur. Belə ki, düyü bişirildikdə belə onun tərkibində olan "Bacillus cereus" bakteriyalarının sağqalma ehtimalı yüksək olur. Plov düzgün bişirilmədikdə və ya saxlanmadıqda bu bakteriyanın inkişafına əlverişli şərait yaranmış olur. İnkişaf edən bakteriyalar tərəfindən sintez olunan toksinlər nəticədə qida mənşəli xəstəliklərə, hətta qida zəhərlənməsinə belə yol açır.
Əksər hallarda qoxlamaq və ya dadmaqla yeməklərin xarab olub-olmadığını müəyyənləşdirməyə çalışırıq. Lakin qida zəhərlənməsinə səbəb olan bəzi bakteriyalar qidanın qoxusunu və dadını korlamadan belə çoxala bilir.