Deməli bu diversiyanın başında duranların hədəfi İran və Türkiyəni bir-birinə qarşı qoymaqdır. Qütbləşmənin tələb etdiyi mübarizə texnologiyasının şərtlərinə görə.
I və II Dünya müharibələrindən əvvəl biz bunun şahidi olmuşuq. Hamı özünə müttəfiq axtarırdı. Amma indi həmin o cahan savaşlarından fərqli olaraq hərbi blok var. NATO.
O vaxt belə bir blok yox idi. Dövlətlər bir-birilə dostlaşırdılar, müvəqqəti müttəfiqlik yapırdılar və sonra da ayrılırdılar.
Məsələn, Türkiyə II Dünya müharibəsinin əvvəlində Almaniyanın tərəfində idi. 1945-ci ildə isə Birləşmiş Ştatların diqtəsi ilə o, Almaniyaya müharibə elan etməyə məcbur oldu. SSRİ, İngiltərə, Amerika müvəqqəti birlikdə idilər. Və elə ona görə də müharibə qurtaran kimi 1946-cı ildə Çörçil bu filoloji birliyi vurub dağıtdı. İnd idə müvəqqəti ittifaqlar yaranır. Bunlardan biri də Rusiya-İran tandemidir. Amma bundan o yana getmir. Çünki kollektiv təhlükəsizlik müqaviləsi üzvləri - Rusiyanın müttəfiqləri özünü çox soyuqqanlı aparırlar. Açıq rusiyapərəst mövqe nümayiş etdirmirlər. Necə deyərlər, 3-cü Aleksandrın məntiqi işləyr.
Rusiyanın iki etibarlı müttəfiqi var - biri donanmadır, digəri ordu. İndi isə tarixdə görünməmiş alyans yaranır. Hətta Azərbaycanın parçalanmasında böyük rolu olan bu iki tarixi düşmən dövlət bu gün bir yerdədirlər.
Rusiya bəzən blok lideri kimi belə bəyanatlar verir ki, biz də varıq. Biz, yəni Rusiya, İraq, İran və Suriya. Amma aydındır ki, bu o deyil. Çünki İraq ABŞ-ın ciddi təsiri altındadır. Suriya isə bir dövlət olaraq artıq demək olar ki, yoxdur, parça-parçadır. Var Bəşər Əsəd. Yəni olsa-olsa Rusiya-İran və Bəşər Əsəd müttəfiqliyindən söhbət gedə bilər.
Əsəd isə bu halında daha çox istənilən ittifaqa kömək yox, problem artıran adamdır. Digər tərəfdə isə NATO və onun xususi qaydaları var. İndi həm də Ərəbistanının elan etdiyi sünni koalisiyası yaranır.
Unutmayaq ki, butün bu hadisələr məhz Ərdoğanın Ərəbistana səfərindən sonra vüsət aldı. Ən Nimr Ərdoğan geri qayıdandan 3 gün sonra edam olundu. Özlüyündə Ərəbistanın elan etdiyi koalisiya da çox möhkəm deyil.
Bu prosesin başqa və daha dəqiqə oxşayan adı bəzi müsəlman ölkələrin NATO-ya qoşulmasıdır. Səudiyyə Ərəbistanı NATO-un dostu, Türkiyə isə NATO-nun rəsmən üzvü.
Bəhreyn, Qatar kimi dövlətlər isə yeni mövqelərində avtomatik olaraq NATO-ya qoşulmuş olurlar. Və nə baş verir? Genişlənmiş NATO. NATO isə Rusiya-İran müttəfiqliyinə qarşıdır. Gəlin açıq danışaq. Ərəbistanda bundan da ciddi böhran əlamətləri olub.
Məsələn, 80-ci illərdə Məkkədə hətta atışma olmuşdu. Ölənlər var idi. Diplomatik əlaqələr kəsilmişdi. Amma 3-4 aya bərpa olundu. Bu gün də İran və Səudiyyə Ərəbistanının arasında soyuqluq var idi. Ötən Həcc ziyarətində baş verəmiş faciəvi hadisədən sonra bu münasibətlər lap korlandı.
Tehran Ər-Riyadı ölənlərin arasında əslində rəsmən etiraf edildiyindən daha çox iranlının olduğunu iddia edərək vəziyyəti diplomatik böhran həddinə çatdırdı. Amma şiə liderinin ölümündən sonra vəziyyətin bu həddə çatması gözlənilən deyildi. Nə İranda bir sünninin burnu qanayıb, nə də Ərəbistanda şiələrin soyqırmı baş verib. Cəmi 3 nəfər şiə edam edilib, amma 44 nəfər sünni məzhəbindən olan müsəlman öldürülüb. Bəs onda niyə Ər-Riyad və Tehran məhz bu hadisədən sonra düşmən oldular.
Bayaq dediyimiz mətləbə qayıdıram. İran neft bazarına girmək ərəfəsindədir. Rusiyanın müttəfiqi kimi. Səudiyyə Ərəbistanının da iştirakı ilə neftin qiyməti fantastik dərəcədə aşağı salınır və bütün bunlar da ona görə edilir ki, Rusiya və İran çöksün. Amma daha çox Rusiyaya vurulan zərbədir. Onsuz da İran belə yaşamağa öyrəşib. Neçə illərdir ki, təcriddə olub. Onun iqtisadiyyatı da hövzə şəraitində fəaliyyət göstərməyə alışıb.
Rusiyaya isə yeni şəraitdə çox ağırdır. Dollar qalxır… Rubl düşür… Fantastik həddə qədər. Və bu təkcə məzənnə məsələsi deyil. Bu gücün və qüdrətin göstəricisidir. Rusiya və İran öz müttəfiqləri ilə bir, Ərəbistan, Türkiyə və onların məxsus olduğu düşərgə isə başqa qütbdədir. İran artıq çox irəli gedib. O, Səudiyyə Ərəbistanının ərazi bütövlüyünü belə pozub. Kütlə bu ölkənin Tehrandakı səfirliyinə soxulub, yanğınlar törədib və s…
Bu olaylarda Azərbaycanın vəziyyəti xüsusidir. İranda yaşayan həmdil və həmdinlərimiz var. Onların baş ağrısı bizim də başımızın ağrısıdır. Ona görə də bu hadisələr zamanı başlı başını saxlasın…/anspress/