IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının üçüncü günündə qadınların və kişilərin mübarizəsində dörddəbir final mərhələsinə start verilib.
Məlumata görə, qadınların yarışında ilk görüşdə Mali və Fələstin yığmaları qarşılaşıblar. Görüşdə daha üstün oyun nümayiş etdirən Malinin qadın basketbolçuları 18:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəliblər. Yarımfinalın ikinci iştirakçısı gərgin idman mübarizəsi şəraitində keçən oyunda Suriya yığmasını 16:14 hesabı ilə məğlub edən Türkmənistan millisi olub.
Kişilərin yarışında basketbol 3x3 üzrə Azərbaycan millisi İndoneziya ilə oyunu vaxtından əvvəl qələbə ilə başa vurub - 21:13. Bu qələbə sayəsində kişi basketbolçularımız adlarını yarımfinala yazdırıblar. Kot d'İvuar yığması isə oyuna çıxmadığı üçün Türkiyə millisinə texniki qələbə verilib.
Beləliklə, basketbol 3x3 yarışlarının üçüncü gününün birinci yarısında keçirilmiş oyunlar nəticəsində Malinin və Türkmənistanın qadın, Azərbaycanın və Türkiyənin isə kişi idmançıları yarımfinala vəsiqə qazanıblar. Dörddəbir final mərhələsinin digər görüşləri günün ikinci yarısında oynanılacaq./Trend/