Yanvarın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirakla əlaqədar Moskvaya səfərə gəldi.
Qazeta.info Baş Prokurorluğa istinadla bildirir ki, nümayəndə heyətlərinin rəhbərləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qəbul edildi. Daha sonra Baş Prokurorluqda Rusiyanın rəsmi şəxslərinin iştirakı ilə təntənəli yubiley tədbiri keçirildi.
Səfər çərçivəsində Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov, türkiyəli həmkarı Bekir Şahin, Pakistanın Baş prokuroru Rəhman Aamir, tacikistanlı həmkarı Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Çeol Kyu Hvan, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratının rəhbəri Xristos Cakumopulos və digər ölkələrin baş prokurorları, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirərək mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdi.
Tədbir çərçivəsində, həmçinin, Türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilmiş, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Tədbirlərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak etmişdir.