"Sumqayıtda uşaqlar arasında baş verən hadisədə ən böyük şübhəmiz odur ki, su xəttinə hansısa mənbədən çirkab qarışır". APA TV-nin xəbərinə görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev deyib.
O bildirib ki, Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib. Həmin gün Səhiyyə Nazirliyində operativ qərargahın yaradıldığını deyən Nəsib Quliyev qeyd edib ki, indiyədək qərargaha 136 müraciət olub: "Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb".
Baş pediatrın sözlərinə görə, ilkin müayinələrin nəticəsi göstərib ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlıdır, törədici isə “rotavirus”lardır. Dünyanın hər yerində yayılan bu virus böyük və kiçiklərdə qusma, ishal və yüksək hərarətlə müşahidə olunur.
Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov bildirib ki, “rotavirus”un su vasitəsilə yayıldığını nəzərə alaraq, problemin supaylayıcı şəbəkədəki nöqsanlarla bağlı olduğu ehtimal edilir. Onun sözlərinə görə, supaylayıcı şəbəkəyə haradasa patogen amil düşüb.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev də bildirib ki, müayinələrin nəticələri hadisənin çirklənmiş sudan baş verdiyini göstərir: "Ərazidə vətəndaşların istifadə etdiyi sulardan və xəstə uşaqlardan nəcis kütləsi götürüldü. Nəcis müayinələri də bizim ehtimallarımızın doğruluğunu təsdiqlədi. Müayinələrin nəticələri göstərdi ki, hadisə çirklənmiş sudan baş verib".