BANKLARA ƏMANƏT QOYANLARIN SAYI ARTIB
11.01.2015 670 0.0 0

Ötən il Azərbaycan bank sektorunun sabitliyi və dayanıqlığı təmin olunub”.

 

Bunu Nazirlər Kobinetinin iclasındakı çıxışında Mərkəzi Bankın sədriElman Rüstəmov deyib.

 

Mərkəzi Bankın sədrinin sözlərinə görə, hazırda kapital adekvatlığı 8 faizlik beynəlxalq normaya qarşı 19 faiz təşkil edir: “ Bank sektorunun aktivlərinin 99 faizinə malik banklar minimum kapital tələblərini yerinə yetiriblər. Ona yaxın bankın isə kapitalı artıq bu gün 100 milyon manatdan yuxarıdır. Bank sektorunun artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artaraq, - beynəlxalq praktikada belə bir göstərici var, - iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78 faizə çatıb. Bu, bütövlükdə, orta yaxşı göstərici hesab olunur”.

 

 

Ötən il əhalinin banklardakı əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçib: “Adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Müqayisə üçün deyim ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb keçib və bank sektoru bu istiqamətdə mühüm sosial rol oynamağa başlayıb”.

 

Ötən il ölkədə maliyyə vasitəçiliyi və infrastrukturun inkişafı davam edib, milli iqtisadiyyatın maliyyələşməsi daha da dərinləşib. Kredit alanların sayı təxminən 2 milyona çatıb, ölkədə 4,5 milyona qədər əmanətçi var. Bu gün əhalinin hər min nəfərinə 473 əmanətçi düşür.

 

“Bizim məqsədimiz hər bir yetkin yaşa çatmış insanın bir və ya bir neçə bank hesabının olmasıdır. Əhalinin bütövlükdə maliyyə sektoruna inteqrasiyası, ondan faydalanması istiqamətində son illərdə əhəmiyyətli işlər görülub. Ölkədə hər yüz min nəfərə düşən bank xidməti nöqtələrinin sayı 20-yə yaxınlaşır” deyə Mərkəzi Bankın sədri bildirib.

 

 

Son 10 ildə elektron hesablaşmaların həcmi də 15 dəfə artaraq ümumi daxili məhsulun iki mislini təşkil edir: “Plastik kartların sayı artıq 6 milyon ədədə çatır. Son 7 ildə kartlarla əməliyyatların həcmi 3,5 dəfə, POS-terminalların sayı təkcə 2014-cü ildə iki dəfədən çox artıb. Elektron bankçılıq xidmətləri də sürətlə inkişaf edir. Hazırda ölkədə 23 bank internet bankçılıq, 15 bank mobil bankçılıq xidmətləri göstərir”.

 

Daha sonra dünyada baş verən iqtisaqi-siyasi hadisələrin Azərbaycana təsirlırindən danışan E. Rüstəmov bildirib ki, beynəlxalq təşkilatların rəyinə görə, 2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənlik davam edəcək.

 

Bu isə beynəlxalq konyukturaya, əmtəə bazarlarına da öz təsirlərini saxlayacaq: “Bu, bizim üçün yeni makroiqtisadi reallıq və çağırışlardır”.

 

 

Onun sözlərinə görə, Mərkəzi Bankda aparılan hesablamalar göstərir ki, Azərbaycan iqtisadiyyatı həm bu il, həm də orta müddətli dövrdə bütün risklərə adekvat cavab vermək üçün imkana və potensiala malikdir: “Bizim əsas vəzifəmiz iqtisadi qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı iş vasitəsilə bu potensialı reallaşdırmaqdır. Yeni makroiqtisadi reallıqlar makroiqtisadi siyasət sahəsində müəyyən manevrləri zəruri edir”.  

 

 

E. Rüstəmov deyib ki, Azərbaycanın son 10 ildəki iqtisadi siyasəti belə olub: Prezident tərəfindən irəli sürülmüş sürətli, sıçrayışlı inkişaf modeli, güclü büdcə və təmkinli, sabitləşdirici pul kredit siyasəti.

 

 

Onun sözlərinə görə, hazırda beynəlxalq hesablamalara görə, neft qiymətlərində təxminən 1 trilyon dollarlıq vəsait neft ixracatçılarından neft idxalatçılarının xeyrinə bölüşdürülür. Təbii ki, bu, beynəlxalq iqtisadiyyatın tərkib hissəsi olan Azərbaycana da öz təsirini göstərir.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar