Bakıya həsrət qalan rayon camaatı
15.09.2015 631 0.0 0

Bu gün səhər saat 07:00-dan başlayaraq rayon qeydiyyatında olan avtomobillərin paytaxta buraxılmasına qadağa qoyulub.

Məlumata görə, rayonlardan Bakıya daxil olan bütün yollarda polis postları qurulub. Həmin postlarda olan polis əməkdaşları rayonlardan gələn sürücüləri Bakının iki əsas girişində qurulan pulsuz avtodayanacaqlara yönləndirirlər. Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, ikincisi isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.

Sürücüləri dayanacalara yönləndirən polis əməkdaşları

Şimal istiqamətindən daxil olan sürücülər “VAZ yol qovşağı” dayanacağında avtomobillərini saxladıqdan sonra onların şəhərə gediş gəlişini təmin etmək üçün 135, 199 və 203 saylı pulsuz avtobus xətləri yaradılıb ki, bu avtobuslar vasitəsi ilə rayonlardan gələn sakinlər “20 yanvar” metro stansiyasına çatdırılacaq.

İnsanları daşımaq üçün nəzərdə tutulan avtobuslar

Lakin burada diqqət çəkən bir məqam içərisində xəstə sərnişini olan rayon maşınlarının da şəhərə buraxılmamasıdır.

Avtodayanacaqda nəzarətçi olan şəxslər deyir ki, maşınında xəstəsi olan sürücülər də avtomobillərini dayanacaqda saxlamalıdırlar. 

“Burada bizim tibbi yardım otağımız var. Həmin otaqda xəstəyə ilkin yardım göstərilir. Lakin əgər xəstənin vəziyyəti ağır olarsa onu dərhal ərazidəki təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya çatdırırıq”,-deyə dayanacaq işçisi Rasim Məmmədov bildirdi.


Əraziyə cəlb edilmiş Təcili Tibbi Yardım maşını


Ərazidəki növbətçi həkim də, onlarda ilkin tibbi yardım üçün bütün vasitələrin olduğunu və hansısa xəstədə ağırlaşma halı baş verəcəyi təqdirdə təcili yardım vasitəsi ilə həmin xəstənin paytaxta aparılacağını dedi.

Rayonlardan gələn sürücülər və sərnişinlər isə deyilənlərlə razılaşmır.

Sürücü Zaur İsmayılov Xaçmazdan ağır xəstə gətirdiyini, lakin həmin xəstənin paytaxta aparmasına icazə verilmədiyini bildirdi.

Onun sözlərinə görə, o paytaxtdakı yarmarkalara da tez-tez ərzaq məhsulları gətirir.

“Dayanacaqlar şəhərdən çox uzaqdır. Mən ərzaq gətirdiyim zaman bu dayanacaqlarda dayanmalı, və yükümü burdan başqa bir yük maşını ilə aparmalı olacam. Bu da əlavə pulumuzun itməsinə gətirib çıxarır”,-deyə Z. İsmayılov bildirdi.

Zaur İsmayılov kimi narazı sürücülər kifayət qədər çoxdur.

Bəzi sürücülər isə dayanacaqda saxlayacaqları avtomobillərinin təhlikəsizliyindən narahatdırlar.

Onlardan biri də sürücü Nihat Sultanovdur. O, deyir:"avtomobilimi dayanacaqda saxlayıb şəhərə getsəm və qayıtdığım zaman maşınımda hansısa xəsarət görsəm kim ödəyəcək bu xəsarətin pulunu?”.

Məntəqədən isə sürücünün sualına cavab olaraq bildirdilər ki, ərazidə müşahidə kameraları var və həmin kameralar vasitəsi ilə müntəzəm olaraq maşınlara nəzarət edilir. Əgər bir xəsarət olsa həmin sürücü kamera vasitəsi ilə müəyyənləşdiriləcək və dəymiş ziyan həmin sürücüyə ödətdirililəcək.

Hazırda 1100 avtomobilin saxlanması üçün nəzərdə tutulan “VAZ yol qovşağı”nda qurulan avtodayanacaqda hələlik kifayət qədər avtomobil yoxdur.

Yeni avtodayanacağın yerləşdiyi ərazinin xəritəsi


Bu lahiyə ilk dəfə Birinci Avropa Oyunları zamanı tətbiq edilməyə başlanmışdı. Oyunlara görə, iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa qoyulmuşdu. 

Bir neçə gün əvvəl isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağı ilə bağlı qərar qəbul edib.

Ərazidə sürücü və sərnişinlər üçün gözləmə zalı, kafe, ana-uşaq otağı, tibb otağı, yol polisi əməkdaşları üçün xidməti otaqlar var./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar