İyunun 9-da I Avropa Oyunları ilə əlaqədar son təlim və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar və 20 gün fərdi avtomobillərdən istifadə etməməyi təklif edir.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, iyunun 9-da Bakıda I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Bu isə yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaradır: “Bununla əlaqədar iyunun 9-da səhər saatlarından etibarən məşqlər tam başa çatanadək yollarda görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar paytaxtın Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsindən başlayaraq, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionu, Aeroport şossesi, Mərdəkan dairəsi və Zuğulba qəsəbəsinə doğru, eləcə də əks istiqamətdə geriyə, eləcə də "Cavanşir" körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, həmçinin Avropa Oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün arenalar və onlara bitişik küçə prospektlər üzrə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilir.
Bu məqsədlə sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən, yəni "Meyvəli" bazarının yanından Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanından keçməklə Binəqədi, Mehdiabad, Digah, Zabrat, Balaxanı, Sabunçu, Bakıxanov, Suraxanı istiqamətində hərəkət etmələri tövsiyə edilir. Abşeron rayonu və Sumqayıtdan gələnlər də BDYPİ-nin yanından keçərək Digah yolundan istifadə etsinlər. Eyni zamanda, Hüseyn Cavid prospekti - Mikayıl Müşfiq küçəsi, Yusuf Səfərov - 28 may küçələrinin kəsişməsindən hərəkət istiqamətləri dəyişdirilir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər istiqamətində gələnlər isə Suraxanı ərazisindən keçərək Bakıxanov, Qaraçuxur və Sabunçu qəsəbələri ərazisindəki yollarla hərəkət etmələri tövsiyə edilir. Paytaxtın Xətai rayonunda Nəcəfqulu Rəfiyev Babək prospekti və digər yollar hərəkət üçün açıq olacaq".
Bölmə rəisi sürücü və avtomobil sahiblərindən 20 gün şəxsi avtombillərdən istifadədən imtina etməyə dəvət edib:"Mövcud vəziyyəti və şəraiti nəzərə alaraq, bir daha sürücülərə şəxsi avtomobillərdən istifadə etməmələrini, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, sürücünü I Avropa oyunları ilə əlaqədar "Avtomobilsiz 20 gün" devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır".