Nərimanov rayonundakı “Keşlə bazarı” sökülə bilər. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, ilk Avropa Oyunları ilə əlaqədar həmin yolun Milli Olimpiya Stadionu ilə Atletlər kəndini birləşdirən hissəsi artıq inşa edilib: "Lakin yolun davamının çəkilməsi işləri hələ qalıb. Layihəyə görə Həsən Əliyev küçəsinin davamının keçəcəyi ərazilərdə bazardan başqa yaşayış və qeyri-yaşayış obyektləri də yerləşir. Onların da sökülməsi istisna edilmir. Lakin layihənin icrası hələ qalıb. Yəni işlərin nə vaxt başlanacağı və nə vaxt tamamlanacağı bəlli deyil. Çünki daxili investisiya hesabına maliyyələşən layihələrə yenidən baxılması nəzərdə tutulur. Yalniz bundan sonra məsələ ilə bağlı konkret fikir söyləmək olar. Ola bilər ki, heç bir söküntü işi aparılmasın”.
Məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, “Keşlə bazarı”nın sökülməsi artıq plana salınıb və yolun bazarın ərazisindən keçəcək hissəsinin planı da hazırdır. Obyektin söküləcəyi ilə bağlı bazarda çalışanlar da məlumatlandırılıb.