Bakının bu ərazisindən əhali köçürülür
19.06.2015 899 0.0 0

Bakı-Xırdalan-Sumqayıt dəmiryolunun əsaslı təmirinə görə "Sumqayıt Sərnişin" stansiyasında məskunlaşan qaçqınlar ərazidən köçürüləcək.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov  report.az-a bildirib.

O deyib ki, indi onlar ilə razılıq əldə olunub, yaxın günlərdə onların köçürülməsi həyata keçiriləcək. Stansiyada yaşayan 40 ailənin hər birinə təqribən 30 min manat vəsait ayrılıb.

Onun sözlərinə görə, stansiyada yenidənqurma işləri həyata keçiriləcək: "Bakı-Xırdalan-Sumqayıt dəmiryolu sahəsində 63 km yol çəkilməlidir, onun 52 kilometri artıq çəkilib. Hazırda "Keşlə", "Bakı Sərnişin", əsasən də "Sumqayıt Sərnişin" stansiyalarında iş aparılır. Sonuncuda yeni iki platforma qurulmalıdır. Çünki ikimərtəbəli hündür qatarlarda sərnişinlərin daha rahat qalxıb-düşməsi təmin edilməlidir. Həmçinin, yeraltı keçid tikilir, abadlıq işləri görülür."

Bakı-Xırdalan-Sumqayıt dəmiryolu paytaxtla Sumqayıt arasında yollarda müşahidə olunan sıxlığı aradan qaldırmaq, sərnişinlərin sürətli daşınmasını həyata keçirmək üçün, yəni Sumqayıtdan qatara minən sərnişinin birbaşa Bakının mərkəzinə («28 May» m/st.) hərəkət etməsinə imkan yaradacaq. Bu yolda sərnişin 40 dəqiqəyə Bakıda Sumqayıta və əks istiqamətdə hərəkət edəcək.

Dəmiryolunda şəhərlər arasında hərəkətin təşkilinə dair tarifin müəyyən edilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC Tarif Şurasına müraciət etməyə hazırlaşır. 

N.Əzməmmədov deyib ki, hazırda monitorinq aparılır, təkliflər hazırlanır. İnsanların sosial vəziyyətinə uyğun tarifin müəyyən olunacağı gözlənilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar