Bakının bu ərazisində bahalı evlər «su qiymətinə» satılır – FOTO
04.10.2016 1040 0.0 0

"Dua edirik ki, bir də bura yağış yağmasın". Səbail rayonu, Badamdar qəsəbə sakini Ramal Əliyev Sputnik-in əməkdaşı ilə söhbətində belə deyib.

"Hidro İnşaat Servis" MMC-nin yarıtmaz fəaliyyəti ucbatından yeddi aydır ki, evlərini kanalizasiya sularının basdığını deyən paytaxt sakini, dövlətdən bu işə bir əncam çəkilməsini istəyir: "1-ci yaşayış massivi, 3-cü döngədəki köhnə kanalizasiya xətlərini yeniləmək adı ilə işə başladılar, amma təmiri yarımçıq qoyub çıxıb getdilər. Guya küçənin kanalizasiya borularını tam dəyişməli idilər. Söhbət yeddi ay öncədən gedir. Ancaq cəmi 400-500 metr ərazidə yeniləmə işləri apardılar".

"Küçənin başından beş yüzlük boru ilə xətt çəkdilər, amma gətirib yarıda saxladılar və həmin xətti köhnədən qalma dörd yüzlük boruya calayıb getdilər. Dedilər, "layihə bura qədərdir". Sonra bəlli oldu ki, köhnə borunun gücü çatmır. Hər yağış yağanda kanalizasiyanın iyrənc, çirkab suları evlərimizə axmağa başladı. Artıq yeddi aydır ki, bu vəziyyətdə yaşayırıq", — R. Əliyev bildirib.

O, yerli icra orqanına və "Hidro İnşaat Sevis" MMC-yə problemlə bağlı müraciət etdiklərini, lakin nəticə olmadığını qeyd edib: "Cavabında bizə deyirlər ki, "səbr edin, hər şey yaxşı olacaq". Sonuncu dəfə bir həftə əvvəl şirkətə yaxınlaşdıq və bu işin sonunun necə olacağını xəbər aldıq. Sahə rəisi İlqar müəllimin müavini dedi ki, "xalqımız dözümlüdür, hər şey düzələr". Qısası, bu cür ələ salan ifadələrlə vətəndaşları yola verirlər".

Ərazidə çəkiliş apardığımızı görən digər sakinlər də mövcud problemdən gileyləndilər: "Pis iyi-qoxudan adam bayıra çıxmaq istəmir. Yayın o istisində pəncərələrimizi aça bilmədik. Vallah, burada təmir getməmişdən əvvəl kanalizasiya xətlərində bir dəfə də olsun problem görmədik. Hər şey qaydasında idi. Nə boru partlayırdı, nə də yağış yağanda kanalizasiya dolub-daşırdı. Heç biri olmurdu. Nə vaxt ki, şirkət gəlib buraları qazdı, üstəlik yarımçıq qoyub getdi, bizim də qara günlərimiz elə başladı. Sizi inandırım, bu üfunətə görə bahalı-bahalı evləri su qiymətinə satışa qoyanlar var".
Mövzu ilə bağlı "Hidro İnşaat Servis" MMC-dən münasibət almağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Sözügedən şirkət "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərdiyi üçün, suallarımızı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya ünvanladıq.

O, Sputnik-ə açıqlamasında deyib ki, sözügedən ərazidə işlər 2018-ci ilə kimi tamamlanacaq. A. Cəbrayıllı təmirin hissə-hissə görülməsinin əsas səbəbini maliyyə məsələsi ilə əlaqələndirib. "Biz Badamdar qəsəbəsindəki işləri iki mərhələdə görəcəyik. Öncədən də məlumat yaymışdıq ki, birinci mərhələdəki işləri 2017-ci ilin ortalarına kimi tamamlayacağıq. Sizin dediyiniz ərazidə görülən işlər birinci mərhələyə aiddir. Qalan işlər ikinci mərhələdə görüləcək ki, bu da gələn ilin ikinci yarısına düşür", — ASC sözçüsü qeyd edib. Onun sözlərinə görə, prosesin tam başa çatma müddəti isə 2018-ci ilə nəzərdə tutulub: "2017-yə çətin ki, bu proses yekunlaşsın. Çünki beynəlxalq maliyyə qurumları pulu bizə mərhələli şəkildə verir"./sputnik.az/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar