Bakının böyük problemi geri qayıdır
10.01.2016 742 0.0 0

Qış vaxtına keçidlə əlaqədar olaraq rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə səhər saat 07:00-dən axşam saat 21:00-dək qadağa qoyulsa da, şəhərdə kifayət qədər rayon qeydiyyatında olan avtomobil görmək mümkündür.

Məlumata görə, sıxlığı aradan qaldırmaq üçün paytaxtın hər iki girişində avtomobil dayanacaqları tikilsə də, həmin dayanacaqlarda avtomobil saxlayanların sayı demək olar ki, 3-5 nəfərdən çox deyil. 

Paytaxtın şimal girişində rayon avtomobillərinin saxlanması üçün qurulan dayanacaqda rast gəlinən maşınların əsas hissəsi yük avtobilləridir. Ərazidə bir neçə minik maşını olsa da onların bəziləri də elə məhz Bakı qeydiyyatında olan avtomobillərdir. Dəqiqləşdirə bildik ki, dayanacaqda dayanan minik avtomobillərinin çoxu elə məhz həmin ərazidə işləyən insanlara məxsusdur.

 

Boş qalan "VAZ yol qovşağı" dayanacağı

 

Düzdür, "Qafqazın kruqu" adlanan ərazidə, "VAZ yol qovşağı"na avtobilləri yönləndirən yol polisi əməkdaşları vardı. Onlar müşahidə apardığımız zaman da rayon maşınlarının saxlayaraq müəyyən yönləndirmələr edirdi. 

Ərazidə xidmət göstərən polis əməkdaşı deyir ki, qadağa qüvvədədir və avtomobillər dayanacağa göndərilir. Ancaq polis əməkdaşları nə qədər əziyyət çəksə də, ortada heç bir nəticə yoxdur. "VAZ yol qovşağı" dayanacağında avtomobilləri qeydiyyata alan Zaur adlı polis əməkdaşının sözlərinə görə DİN əməkdaşları avtomobilləri "Qafqazın kruqu" adlanan dairədən dayanacağa göndərsələr də, sürücülər polisin gözündən yayınan kimi, dayanacağın qarşısından şəhərə giriş olan ara yollarla paytaxta daxil olurlar: 

"Əvvəllər bu dayanacaqda müəyyən qədər avtomobillər vardı. Ancaq hazırda gördüyünüz kimi, bir neçə minik maşını var. Dayanacaqda gördüyünüz yük avtomobillərinin əksəriyyəti ağırtonnajlı maşınlardır ki, onların da şəhərə girişi qadağandır".

 

Dayanacaqda saxlanan az sayda avtomobil

 

Digər bir məqam isə dayanacaq fəaliyyətə başladığı vaxtlarda müvafiq qurumlar tərəfindən vəd edilən iki marşrut xəttinin ərazidə olmaması idi. 

Polis əməkdaşı bildirdi ki, əvvəllər dayanacağa gələn vətəndaşları daşımaq üçün 203 və 199 saylı marşrut xətləri nəzərdə tutulmuşdu. İndi isə 203 təmamən ləğv edilib, 199 saylı marşut xətti isə fəaliyyətini davam etdirir. Həmin avtobusların sürücüləri isə insanlardan gediş haqqı tələb edirlər. Ancaq ərazidə olduğumuz müddət ərzində bir avtobusun belə dayanacağa gəldiyini müşahidə etmədik.

 

Ərazidə tibbi yardım yaxud həkim otağı olsa da, həkimin öz otağında yox idi. İşçilər, həkimin nahar üçün ərazidən ayrıldığını bildirdilər.Dayanacaq açıldığı ilk vaxtlarda əraziyə hətta təcili yardım maşını da cəlb edilmişdi və bildirilirdi ki, rayondan xəstə gətirən avtomobillər həmin dayanacağa yönləndiriləcək və xəstə təcili yardım maşını ilə xəstəxanaya çatdırılacaq. 

Dayanacaqda rast gəldiyimiz yeniliklərdən biri isə yüksək gərginlikli elektrik naqillərinin altında avtomobil saxlanılmasını qadağan edən plastik plitələrin yerləşdirilməsi idi. Həmin yüksək gərginlikli xətlər ki, dayanacağın düz ortasından keçir və naqillərin altında maşınların saxlanılması həddən artıq təhlükəlidir.

 

 


Naqillərin altında avtomobillərin saxlanmaması üçün plastik plitələr yerləşdirilib


Rayon avtomobillərinin paytaxta buraxılmaması lahiyəsi ilk dəfə Birinci Avropa Oyunları zamanı tətbiq edilməyə başlanıb. Oyunlara görə iyunun 1-dən 30-dək rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qadağa qoyulmuşdu. 

Bu avtodayanacaqlardan biri Bakı-Quba-Rusiya Federasiyası sərhəddi avtomobil yolunun 17-ci kilometrliyində yerləşən və “VAZ yol qovşağı” adlanan sahədə, digəri isə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 15-ci kilometrliyində, Lökbatan qəsəbəsi yaxınlığında yaradılıb.

 


Dayanacaqların (yaşıl dairə ilə göstərilib) yerləşdiyi ərazinin xəritəsi 

 

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan avtomobillər səhər saat 07:00-dan axşam saat 21:00-a qədər paytaxta buraxılmamalıdır. Yay rejiminə keçid zamanı isə səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobillər paytaxta buraxılmır. 

Göründüyü kimi, hökumət tərəfindən paytaxtdakı sıxlığı aradan qaldırmaq üçün müsbət bir addım atılıb və bu iş üçün kifayət qədər məbləğ ayrılıb. Lakin burada hələ də bəzi problemlər var. Yəni polislər avtomobilləri dayanacağa yönləndirsələr də bu kifayət etmir. Onlar dayanacağın düz qarşısından keçərək şəhərə girişə imkan verən ara yollarla da nəzarəti gücləndirməlidirlər. Çünki bu baş vermədiyi təqdirdə polis əməkdaşlarının qarlı havada yol qırağında dayanaraq avtomobilləri dayanacağa istiqamətləndirməsinin nəticəsi olmur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar