Polisə daha bir həkim səhlənkarlığı ilə bağlı məlumat daxil olub. Bu dəfə özəl klinika olan "Oksigen"in əməkdaşları günahlandırılır.
Qazeta.info bildirir ki, bu barədə Sputnik-ə Nərimanov rayon Polis İdarəsindən məlumat veriblər. Məlumata görə, 1984-cü il təvəllüdlü Biləsuvar rayon sakini Həsənova Ramilə Qabil qızı polisə müraciət edib. Müraciətdə bildirilir ki, 26 noyabr saat 16:58-də Təbriz küçəsində yerləşən "Oksigen" klinikasında onun 2 yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğlu əməliyyat stolunda keçinib.
Hələlik məlum olan odur ki, uşağın ayağını əməliyyat ediblər. Uşağın yaxınları əmindir ki, uşaq həkimlərin səhlənkarlığı ucbatından ölüb. Nərimanov Rayon Prokurorluğundan bu informasiyaya əlavə olaraq bildiriblər ki, hazırda bu fakt üzrə araşdırma aparılır və hələ heç kəs şübhəli qismində saxlanmayıb. Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidməti bəyan edib ki, nazirliyin özəl klinikaların fəaliyyətinə qarışmaq səlahiyyəti yoxdur və bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır.