Bu gün Bakıda “Baku Bus" MMC-nin yeni alman avtobusları istifadəyə verilib.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, , yeni avtobuslar hava limanı - "28 May" metro stansiyası xətti üzrə hərəkət edəcək. Sözügedən xətdə 5 avtobus fəaliyyət göstərəcək və gediş haqqı 1 manat 30 qəpik olacaq. Xəttə buraxılan alman avtobuslarında mini mətbəx, soyuducu, (Wi Fi) və ayaqyolu var. Oturacaqlar həm arxaya, həm də yana hərəkət edir. Ayaqüstə sərnişin daşımayan avtobusların tutumu 48 yerlikdir.
Neoplan adlanan avtobuslar 24 saat fəaliyyət göstərəcək. Həm hava limanından, həm də "28 May" metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub və sərnişinlər 30 dəqiqə ərzində mənzil başına rahatlıqla çata biləcəklər.
Qeyd edək ki, sözügedən avtobuslar dayanacaqda saxlamayacaq. Sərnişinlər yalnız "28 May" metro stansiyasında və hava limanında avtobuslara minə bilərlər. Gediş haqqı Bakıkartla ödəniləcək.