Bakıda yaşayış binasında çayxana adı altında qumarxana fəaliyyət göstərir.
ANS TV-nin məlumatına görə, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsi 17-də yaşayan sakinləri yaşadıqları binanın birinci mərtəbəsindəki bütün mənzillərin iaşə obyekti kimi icarəyə verildiyini bildirirlər. Gün boyu çayxana səs-küyündən, loto klubunda səslənən rəqəmlərin ahəngindən yuxularının ərşə çəkildiklərini qeyd edirlər.
Şikayətçilərin dediyinə görə, çayxanada mikrafonla gecə saatlarına qədər qumar oynanılır və səs bütün ətrafa yayılır.
Vəziyyətlə tanış olanda deyilənlərin həqiqətə uyğun olduğu ortaya çıxdı. Araşdırma zamanı aydın oldu ki, həqiqətən də həmin yer çayxana adı ilə fəaliyyət göstərsə də əslində orada loto kimi qumar oyunları aparılır. Özüdə gecə yarısına qədər. Bu isə bina sakinlərinin ciddi narazılıqlarına səbəb olur.
Ərazi üzrə polis idarəsindən isə bildirdilər ki, qumarxana ilə bağlı onlara müraciət olunub. Lakin, məktublara və müraciətlərə 10 gün ərzində baxılıb, hüquqi qiymət verilir.
Odur ki, yaxın zamanlarda qumarxanaya hansı qiymət veriləcəyi araşdırmalardan sonra bilinəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244 nöqtə 1-ci bəndinə əsasən, qumarxana təşkil etmə və saxlamaya görə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub./anspress/