Bu gün səhər saatlarında Bakının mərkəzində yerləşən valyutadəyişmə məntəqələrindən birinə basqın olub.
lent.az-ın verdiyi məlumata görə, naməlum şəxslər Nəsimi rayonu Azadlıq prospekti 128 ünvanında "ZaminBANK"a məxsus olan 3 saylı valyutadəyişmə məntəqəsinə basqın edib. Onlar məntəqənin əməkdaşı, 1964-cü il təvəllüdlü Abbasov Taryel Arif oğluna küt alətlə ağır bədən xəsarətləri yetiriblər. Məntəqədən 120 min dollar və 20 min manat nəğd pulu götürən şəxslər hadisə yerindən uzaqlaşıblar.
T.Abbasov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Əldə olunan məlumata görə, polis paytaxtda valyutadəyişmə məntəsinə basqınla bağlı hərəkətə keçib.
Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, hazırda hadisə baş verən ərazidə və yaxınlıqdakı bütün müşahidə kameraları yoxlanılır. Hadisənin yaxınlığındakı insanlar, hadisə şahidləri dindirilib.
Cinayət işinin açılması istiqamətində əməliyyata başlanılıb. Bunun üçün xüsusi qrup yaradılıb. Hadisəni törədən şəxs, yaxud şəxslərin axtarışlarına başlanılıb. İdarədən bildirilib ki, tezliklə cinayəti törədənlər yaxalanacaqlar./anspress/