Ötən il martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun qayınatası tərəfindən bıçaqlanaraq öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.
Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, faktla bağlı açılmış cinayət işinin istintaqı zamanı “Bolt” taksi xidmətində sürücü işləyən Talehin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlu tərəfindən ikinciyə məxsus evdə qətlə yetirildiyi məlum olub.
Belə ki, hadisə baş verən gün Mehdi Abdullayevin evində oğlunun toy məclisi təşkil edilibmiş. Pandemiya səbəbindən kiçik məclis kimi keçirilən toya gələn Talehin ondan küsmüş 8 aylıq hamilə həyat yoldaşına qarşı davranışı M.Abdullayevi özündən çıxarıb. Qonaqların arasında qızının Taleh tərəfindən təhqir edilməsinə dözməyən kişi mətbəxə keçərək bıçaq götürüb. O, mənzildə qonaqların gözü qarşısında bıçaqla Taleh Mirzəyevin boğazına bir dəfə zərbə endirib. Ağır xəsarət alan şəxs yerindəcə ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verənlər hadisə günü Talehin Mehdinin evinə gələrək məclisdə iştirak etdiyini, sonra həyat yoldaşı Günayı aparmaq istədiyini və bu zaman onu söyüb təhqir etdiyini bildiriblər.