Bakıda qətl hadisəsi baş verib. Qardaş öz bacısını öldürüb. Nizami rayon Prokurorluğundan verilən məlumata görə, qətl Naxçıvanski küçəsi 18 ünvanındakı mənzillərdən birində qeydə alınıb. Həmin ünvanda kirayə yaşayan 1977-ci il təvəllüdlü Elşad Anatoli oğlu Davidov aralarında yaranan mübahisə zəminində 1982-ci il təvəllüdlü bacısı Turanə Davidovanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qətli törədən E.Davidov artıq tutularaq istintaqa cəlb edilib. Hələlik cinayətin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda qardaşın bacısını öldürdüyü sonuncu fakt bir neçə gün əvvəl qeydə alınıb. Maştağa qəsəbə sakini 1991-ci il təvəllüdlü Seyidmirəli Seyidkamil oğlu Cavadov bacısı 1987-ci il təvəllüdlü İzzət Seyidkamil qızı Cavadovanın evinə gələrək ona bıçaq zərbələri endirib.
Elə bu vaxt ona mane olmaq istəyən bacısının əri 1984-cü il təvəllüdlü Vüsal Seyidrəhim oğlu Cavadova da bıçaqla xəsarətlər yetirib. V. Cavadov qohumları tərəfindən xəstəxanaya çatdırılıb.
Yaralı qadın isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Polis İdarəsindən onu da bildirmişdilər ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, İzzət Cavadova təxminən 10 gün əvvəl evdən qaçıb. Onun bir müddət evdə olmaması qardaşının xoşuna gəlməyib və belə bir əməl törədib. Qətli törədən şəxs hadisədən sonra polis şöbəsinə gələrək könüllü təslim olub./anspress/