Bakıda milyonluq villalar sökülür (VİDEO)
21.05.2015 997 0.0 0

"Dostluq parkı”, o park ki, ölkə başçısı sonuncu müşavirədə həmin ərazidə, dağın yamacında tikilən qanunsuz villalardan danışmışdı. Və o villaların sökülməsi ilə bağlı tapşırıqlar vermişdi.

Bu ərazidə yerləşən vilların sökülməsinə hələ bir neçə gün əvvəl başlanılmışdı. Həmin günlərdə bu söküntü işlərini müşahidə edən jurnalistlərin diqqətini cəlb edən məqamlardan biri bu dəbdəbəli villaların sökülməsinə heç kimin etiraz etməməsi idi. Prezidentin müşavirəsindən sonra susqunluğun səbəbləri məlum oldu.

Prezident İlham Əliyev: “Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz!” 

Araşdırma zamanı bu tikililərin qanunsuz olduğu üzə çıxıb. Bu cür qanunsuz əməllərin siyahısını yəqin ki, davam etdirmək də olar. Məsələn, dəniz sahilindən 200 metr aralıda tikinti aparılmasına qadağa qoyulsa da, bu qaydaya riayət edilmir.

Eyni vəziyyəti park üçün nəzərdə tutulmuş bir sıra ərazilərdə də müşahidə etmək olar. Məsələn, “Azadlıq” metro stansiyasının yaxınlığındakı parkdır. Əvvəllər bura yalnız əhalinin istirahəti üçün nəzərdə tutulmuşdu. İndi isə pakrın bir hissəsində villalar tikilib. Bütün bunlar yerli icra hakimiyyəti orqanlarının fəaliyyətindən və yaxud da fəaliyyətsizliyindən xəbər verir.

Amma ANS TV olaraq apardığımız araşdırmalar göstərir ki, bu məsələni yalnız icra hakimiyyəti orqanları ilə bağlamaq düzgün deyil. Əksər vaxtlarda paytaxtda qeyri-qanuni torpaq satışı ilə bələdiyyələr də məşğul olur.

Ümumiyyətlə bələdiyyələr bir çoxları tərəfindən yalnız torpaq satışı ilə məşğul olan qurum kimi qəbul edilirlər. Prezident İlham Əliyev də bununla bağlı müşavirədə öz iradlarını bildirdi:

“Bələdiyyələr də bir növ icra başçılarının filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. İndi mən o fəaliyyəti görmürəm. Bələdiyyə sadəcə olaraq bir möhür idarəsidi. Ştap vursun qanunsuz əməllərə”.

Pezidentin bu bəyanatı və prokurorluq orqanlarına müraciətini yerli icra hakimiyyəti orqanlarına son xəbərdarlıq kimi də qəbul etmək olar. Yəqin ki, biz onların bu xəbərdarlıqdan çıxardıqları nəticənin şahidi olacağıq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar