Mərkəzi Bank bu səhər dolların yeni məzənnəsini açıqladı və manatın ucuzlaşacağından nigaran olan Bakı sakinləri bir qədər rahatlaşdı.
Məlumata görə, manatın nisbi (0,09 qəpik) bahalaşması valyuta dəyişmə məntəqələrində şənbə və bazar günlərində müşahidə edilən aciotajı yoxa çıxardı. İndi məntəqələrə daha çox dolları satıb manat almaq istəyənlər gedir.
Düzdür, burada son günlərdə avronun dollara nisbətən 6 faiz dəyər qazanmasının da rolu var. Əslində, ABŞ valyutasının avro qarşısında bir qədər də dəyər itirəcəyi gözlənilirdi. Çünki ABŞ-ın əsas ticarət tərəfdaşı olan Çinin öz valyutasını üç gün ərzində 5% ucuzlaşdırması bunu qaçılmaz etmişdi. Çin yaxın zamanlarda təkrar devalvasiya addımları atarsa, dolların avroya nisbətdə daha da ucuzlaşağı gözlənilir.
Bakı valyuta dəyişmə məntəqələri - şənbə və bazar
Amma bununla belə, son iki gün ərzində baş verənlər göstərdi ki, Bakıda manatı qiymətdən salmaq istəyə müəyyən qüvvələr var və onlar əllərində olan nağd manat vəsaitlərini bazara ataraq süni aciotaj yaradırlar. Bu ajiotaj nəticəsində sadə vətəndaşlar manatın yenə devalvasiyaya uğrayacağını düşünərək evdə olan bütün manat vəsaitlərini dollara çevirməyə çalışırlar.
Halbuki, həm yerli, həm də beynəlxalq ekspertlər Azərbaycanda devalvasiya riski olmadığını vurğulyırlar. Bir neçə gün əvvəl Çin valyutasının devalvasiyasından sonra məsələni şərh edən “Bloomberg" agentliyi eyni təhlükə gözləyən postsovet məkanı ölkələri sırasında Azərbaycanın adını çəkməyib. Agentliyin məlumatına görə, Ermənistanda 31%, Türkmənistanda və Tacikistanda 20% devalvasiyanın mümkün olduğunu vurğulamışdı. Göründüyü kimi, bütün bu tutarlı arqumentlərə baxmayaraq, hansısa qüvvələr ötən 2 gün ərzində valyuta bazarında çaxnaşma yaratmağa çalışırdılar.
Eyni qüvvələr fevralın 21-də Mərkəzi Bank (AMB) tərəfindən bir gecədə dolların məzənnəsinin 0,7862 manatdan 1,05 manat səviyyəsinə qaldırılması ərəfəsində də fəallıq göstərmişdilər. Hər şey Mərkəzi Bankın fevralın 16-da manatın məzənnəsini dollara bağlamaqdan imtina edərək, bivalyuta səbətinə keçməsi ilə başladı. Əlində iri məbləğdə nağd vəsait olan həmin qüvvələr valyutadəyişmə məntəqələrində böyük ajiotaj yaratdılar, dollar yoxa çıxdı. Daha sonra 33,5 faizlik devalvasiya elan edildi, yəni Azərbaycan xalqı bir gecədə 33,5 faiz yoxsullaşdı. Sonra Mərkəzi Bank bəyanat verdi ki, bu qaçılmaz addım idi, bir neçə gün ərzində bazarda alınan gündəlik dollar məbləği ən az 500 milyon dolları ötürdü. Yəni belə getsə, Azərbaycan öz valyuta ehtiyatını tam itirəcəkdi.
Bakı valyuta dəyişmə məntəqələri - bazar ertəsi
AMB-nin dərc etdiyi statistik göstəricilər də fevralda vəziyyətin müəyyən dərəcədə kəskinləşəcəyini göstərir. Əgər fevralın 1-də AMB-nin valyuta ehtiyatı 12 milyard 680,8 milyon dollar olubsa, ayın sonunda bu rəqəm 11 milyard 4,4 milyon dollara düşmüşdü. Yəni bir ayda azalma 1 milyard 676 milyon dollar olmuşdu. Bu, yanvarda qeydə alınan 1 milyard dollar və dekabrda qeyd olunan 1,2 milyard dollar azalma ilə müqayisədə xeyli yüksək göstəricidir.
Mart ayında valyuta ehtiyatlarında 1,5 milyard dollar və apreldə 1,1 milyard dollar azalma baş verdi ki, bu, hansısa qüvvələrin ölkədən planlı şəkildə vəsait çıxardığını ortaya çıxardı. Bütövlükdə, 5 ay ərzində Azərbaycanın valyuta eştiyataları 6,5 milyard dollar azalmışdı. Həmin ərəfədə türk mətbuatı Azərbaycandan 5 milyard dollar vəsaitin çıxarılaraq Türkiyə aktivlərinə yatırıldığını bildirmişdi.
Ölkədə baş verən çaxnaşmanın əsas səbəbkarının həmin vəsaiti çıxaranlar olduğu aydındır. Amma həmin vəsaitləri çıxaranlar kimdir? İqtisadçı-ekspert Əkrəm Həsənov ANS PRESS-ə müsahibəsində həmin işbazların müxtəlif qüvvələr ola biləcəyini vurğulayır: “Birincisi, bunu Beynəlxalq Bankın kredit oliqarxları da edə bilər. Təssəvür edin, heç bir iş görməyən adamların rentabelsiz layihələrinə 1-2 milyard manat vəsait veriblər. İllər keçib, heç bir iş görməyiblər. Onlar həmin pulu dollara keçirəndən sonra manatı çökdürməyə çalışmalıdırlar. Manat 33,5 faiz devalvasiya edəndən sonra 1 milyrad manat kredit götürmüş adam birdən birə 335 miylon manat irəli düşdü”.
İqtisadçı ekspertin fikrincə, manatın məzənnəsini aşağı salmaq istəyən ikinci qüvvə xüsusi himayə altında AMB-dən manatla vəsait götürüb müştərilərə dollarla kredit verən banklar olmalıdır: “Belə banklar özləri saxta ajiotaj yaratmaqla əhalini çaxnaşmaya salır. Nəticədə, adamlar evlərindəki bütün nağd vəsaitləri dollara çevirməyə çalışır və manata təzyiqlər dəfələrlə artır”.
Əkrəm Həsənov - iqtisadçı ekspert
Əkrəm Həsənov Mərkəzi Bankın bu qüvvələrlə lazımi səviyyədə mübarizə aparmadığını bildirir. Onun fikrincə, AMB ölkədən xaricə valyuta axınının qarşısını almaq üçün lazımi səviyyədə aparımır: “Mərkəzi Bank “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının recimi haqqında qaydalar”ı sərtləşdirməlidir. Qaydaların 2.2.2-ci bəndi ölkədən valyuta köçürülmələrinə çoxsaylı məhdudiyyətlər nəzərdə tutultb. Lakin həmin bəndin “x” hissəsində deyilir ki, hər kəs xaricdəki bank hesabına məhdudiyyətsiz və istənilən məbləğdə pul köçürə bilər! Başqa sözlə, qaydalar valyuta axınına yaşıl işıq yandırır”.
İqtisadçı ekspert bu məsələdə sərt siyasi qərarın verilməsinin çox vacib olduğunu bildirir: “1990-cı illərin sonlarında Azərbaycanın valyuta ehtiyatları milyard dollarla yox, milyon dollarla ölçülürdü. Amma onda heç kim valyutanın məzənnəsinə bu cür təsir göstərə bilmirdi, İli 5-6%-lik yumşaq devalvasiya ilə ili başa vururduq. İndi nə oldu ki, strateji valyut a ehtiyatlarımız 10 milyard dollarlarla ölçülən bir zamanda biz valyuta sabitliyini qoruya bilmirik? Mərkəzi Bank mütləq bu sualın üzərində düşünməlidir”. /anspress/