Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub.
Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə aprelin 12-də “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.
Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.
15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.
Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev açıqlamasında əraziyə təcili yardım briqadaları göndərdiklərini deyib. Onun sözlərinə görə, zərərçəkənlərdən bəziləri xəstəxanalara yerləşdirilib, bəzilərinə isə yerində tibbi yardım göstərilib. Baş həkim prosesin hələlik davam etdiyini, zərərçəkənlərin sayı barədə dəqiq rəqəm söyləməyin tez olduğunu bildirib.
Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov isə bildirib ki, KTM-yə 7 nəfər yerləşdirilib.
“Onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, - deyə baş toksikoloq qeyd edib./apa/