Bakıda evdən oğurluq edilib. APA TV-nin məlumatına görə, hadisə Suraxanı rayonu ərazisində, Yeni Ramana qəsəbəsində baş verib.
Məmmədovlar ailəsinin evdə olmamasından istifadə edən naməlum şəxs evə daxil olaraq, qiymətli əşyaları axtarmağa başlayıb.
Ev sahibinin sözlərinə görə, çağırılmamış qonaq evin hər yerində axtarış aparıb. Soyuducu və mətbəx şkafı da yaddan çıxmayıb. Evin altını üstünü çevirən oğru əliboş qayıtmayıb.
Oğrunun evə girmək üsulu da xeyli maraqlıdır. O, hasardan həyətə düşüb, daha sonra isə dabankeşlə pəncərəni açıb.
Hadisə barədə polisə məlumat verən ev sahibi ümidini asayiş keşikçilərinə bağlayıb. Kriminalistlər mənzildən cinayətin açılmasına kömək edə biləcək sübutları götürüblər. Əməliyyatçılar cinayəti törədən şəxsin axtarışlarını davam etdirir.