Paytaxtda yerləşən xəstəxanalardan birində dördəm dünyaya gəlib. Özü ilə birgə ruzusunu da gətirəcək körpələrə ailə sevinir.
ANS TV-nin məlumatına görə, Perinatal Mərkəzdə bir neçə gün bundan öncə dördəm dünyaya gəlib. Abbasovlar ailəsinin sevincinin həddi-hüdudu yoxdur. Qeysəriyyə yolu ilə doğulan körpələr xəstəxana həkimləri tərəfindən müayinə edilib.
Abbasovlar ailəsinə sevinc gətirən dördəmin üçü qız, biri isə oğlandır. Həkimlərin dediyinə görə, onların vəziyyəti normaldır.
Körpələrin atası isə sevinclə yanaşı həm də qayğılarının artdığını dilə gətirir. Abbasovlar ailəsinin bu dördəmdən əlavə daha bir qız övladı da var. Ailə hazırda kirayədə, kiçik bir otaqda yaşayır. Maddi durumları heç də ürəyaçan deyil.
“Hər ay orta hesabla 400-500 manat məbləğındə gəlirim olur. Əldə etdiyim gəlirin bir qismini, yəni 300 manatını kirayə haqqı olaraq mənzil sahibinə ödəyirəm. Yerdə 200 manat pul qalır. Artıq yeddi nəfərdən ibarət ailənin təminatı məni çox narahat edir”, – deyə dördəmin atası Rəşad Abbasov bildirib.
Həkimlər əməliiyyatın çox uğurla başa çatdığını bildirir. Ana körpələrilə bir neçə gündən sonra evə buraxılacaq.
Həkim Gülmirə Daşdəmirovanın sözlərinə görə, körpələr qeysəriyyə yolu ilə dünyaya gəliblər: “Doğuş zamanı uşaqların vəziyyəti şərti olaraq kafi qiymətləndirilib. Dünyaya gələn körpələrin üçü qız, biri isə oğlandır. Onların çəkiləri 2 kilo 200 qramdan, 1 kilo 600 qrama qədərdir. Hazırda körpələrin vəziyyəti stabildir”.
Aztəminatlı ailənin vəziyyətilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, ailə başcısı nazirliyə rəsmi şəkildə müraciət etməlidir. Yalnız bundan sonra onlara ünvanlı sosial yardım ayrıla bilər./anspress/