Bakı şəhər Baş Polis İdarəsi, Xətai RPİ Cinayət-Axtarış Şöbəsi, Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi intensiv uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən dəstə ifşa olunaraq istintaqa verilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xətai rayon sakini H.Əsgərov sentyabrın 9-da paytaxt sakinləri – 1970-ci il təvəllüdlü A.Abbasovaya 25000 manat borcu olduğuna görə, onun sifarişi ilə 1985-ci il təvəllüdlü K.Kazımlı tərəfindən Bakıxanov qəsəbəsində yerləşən kafelərin birinə dəvət edilib. Əvvəllər məhkum olunan, kriminal aləmə meyilli, 1982-ci təvəllüdlü V.Allahverdiyev, Sumqayıt şəhər sakinləri – əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Ş.Hüseynov və 1992-ci il təvəllüdlü F.Eminoğlu tərəfindən məcburi qaydada, iradəsindən kənar avtomobilə əyləşdirərək A.Abbasovanın Pirşağı qəsəbəsində yerləşən bağ evinə aparıblar.
Onlar həmin ünvana daha sonra gələn Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1987-ci il təvəllüdlü N.Kazımlının iştirakı ilə H.Əsgərova müxtəlif dərəcəli bədən xəsarəti yetirərək 25000 manatın əvəzinə 30000 manat ödəməsini bildirərək işgəncə veriblər. Alınan pulun müqabilində A.Abbasova həmin şəxslərə 10000 manat verəcəyini vəd edib.
Keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində V.Allahverdiyev, A.Abbasova, F.Eminoğlu, Ş.Hüseynov, N.Kazımlı və onun həyat yoldaşı K.Kazımlı müəyyən olunaraq saxlanılıb, zərərçəkən H.Əsgərovun girov saxlandığı yerdən sağ-salamat azad olunub.
Faktla bağlı Xətai RPİ-nin İstintaq şöbəsində CM-nin 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir./Trend/