ABŞ-ın Müstəqillik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.
Məlumata görə, qəbulda çıxış edən səfir Robert Sekuta bildirib ki, müstəqilliyin 241 illiyi ABŞ-la Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir: "Azərbaycanda ilk müstəqillik 1918-ci ildə elan olunub. Bu dövlət qadınlara səsvermə hüququ verən ilk Respublika olub. Bu ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bununla fəxr edir".
Səfir bildirib ki, müstəqilliyinin ilk günlərindən ABŞ hər zaman Azərbaycanın yanında olub: "Biz müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik".
Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan ABŞ-la diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur: "ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılmasında dəstək və kömək etməyə hazırlığına dair məktubu əlaqələrimizin möhkəm tərəfdaşlığa söykəndiyinin göstəricisidir. Azərbaycan bu əlaqələrin qarşılıqlı hörmət və strateji tərəfdaşlıq ruhunda davat etməsini dəstəkləyir. Azərbaycan ABŞ-ın Qafqazda ən böyük ticarət tərəfdaşı olaraq qalır. Bu gün Azərbaycanda 200 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın həyata keçidiyi transmilli layihələrə hər zaman güclü dəstəyini ifadə edib və bu mövqe heç zaman dəyişməyib. CQD layihənin reallaşmasında da ABŞın göstərdiyi dəstək yüksək qiymətləndirilir və bu dəstəyin davam edəcəyinə ümid edirik".
Nazir əlaqələrin energetika sahəsindən başqa digər sahələrdə də inkişaf üçün böyük potensial olduğunu qeyd edib: “Beynəlxalq təhlükəsizlik və terrora qarşı mübarizədə də ikitərəfli əlaqələr güclüdür. Xüsusilə Azərbaycan Əfqanıstanda sülhyaratma əməliyyatlarında aktiv iştirak edib və terrora qarşı mübarizədə töhvə verməyə davam edəcək. Terrora qarşı mübarizə aparan Azərbaycan 25 ildir ki, ermıni silahlı qüvvələrinin təcavüz siyasəti ilə üzləşib. Bu təhlükəsizlik və yüksək səviyyədə əməkdaşlığa mane olan əsas səbəblərdən biridir. İşğala son qoyulması və Ermənistan qüvvələrinin qeyd şərtsiz Azərbaycandan çıxarılması, sərhədlərin bərpası, qaçqın və məcbüri köçkünlərin öz evlərini qayıtmasını regionda təhlükəsizliyə və sosial rifaha töhfə verəcəyinə inanırıq. Erməni təcavüzünün qarşısının alınmaması üç gün əvvəl Alxanlıda 2 yaşlı körpə Zəhra ilə nənəsi kimi günahsız insanların öldürülməsinə rəvac verir. Bütün dünya 2 yaşlı Zəhranın qətlinə münasibət bildirməlidir. Erməni təcavüzünün artması beynəlxalq aləmin və Minsk qrupu həmsədri kimi ABŞ ın regionda sülhün təmin olunmasında rolunun artırılmasının vacibliyini qeyd edir"./apa/