Bakıda müntəzəm sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) daxil olan məlumata görə, birləşmə prosesi daşıyıcıların istəyinə əsasən həyata keçirilir. Məqsəd müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artırılmasıdır.
"Birləşmə prosesi çərçivəsində ilkin olaraq 105 (Qara Qarayev pr.-Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs.-Şüvəlan qəs.), 204 (“Koroğlu” metro stansiyası-Yeni Suraxanı qəs), 213 (“Qara Qarayev” m/st.-Suraxanı qəs.), 216 (“Koroğlu” m/st.-Yeni Suraxanı qəs.) nömrəli marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı “6 Dost” MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən “6 Dost” MMC müvafiq maddi-texniki bazayla, avtonəqliyyat vasitələrilə, “D” kateqoriyalı sürücü heyətilə təmin edilib", - deyə BNA-nın məlumatında əlavə edilib.
Qeyd edək ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırki vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla onların da birləşdirilməsi prosesi davam etdiriləcək.
Daşıyıclar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istimarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standratlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir. /Report/