Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin stansiyasının yüksək səviyyədə, eləcə də müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. 2015-ci ilin mart ayında əsaslı təmir işlərinə start verilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq təmir-tikinti işləri son mərhələdədir. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma işləri görülür. Həmçinin bilet kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəz olununb. 1 ədəd yük, 2 ədəd sərnişin və 1 ədəd əlillər üçün panoram-lift quraşdırılıb.
Əsaslı təmirdən sonra burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri, gözləmə zalı, ana-uşaq və namaz otaqları sərnişinlərin istifadəsinə veriləcək.
Qeyd edək ki, vağzal binasının ikinci mərtəbəsində "ASAN xidmət" fəaliyyət göstərəcək. Sərnişinlər pulsuz Wi-FI sistemindən istifadə edəcəklər. Bundan başqa, Bakı sərnişin stansiyasının 7 platforması və 8 yolu əsaslı təmir olunub, platformalarda 34 ədəd ikitərəfli oturacaq quraşdırılıb. 8 çıxışlı (4-ü vağzala, 4-ü şəhərə) tuneldə son tamamlama işləri görülür. Sürətlə davam edən əsaslı təmir işlərinin yaxın günlərdə başa çatması nəzərdə tutulur.
Xatırladaq ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı ilk dəfə 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib. Bakı dəmir yolu vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir.
1977-ci ildə Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal Zaqafqaziyada eyni tipdən olan obyektlərin ən böyüyü idi./Trend/