Son zamanlar qonşu ölkələrdə, eləcə də, Azərbaycanda zəlzələlərin sayı çoxalıb. Mütəxəssislər hesab edirlər ki, son vaxtlar Azərbaycanda seysmoloji ocaqlarda vəziyyət dəyişir.
Bu səbəbdən də, ölkənin seysmoloji xəritəsi yenilənəcək. Bu məsələlərə aydınlıq gətirmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli verilen sualları cavablandırıb.
Seysmoloji aləmdə məlum olub ki, Azərbaycanda fəaliyyətdə olan seysmik reallaşdırma xəritəsi dəyişdirilməlidir. Azərbaycanın seysmoloji xəritəsinin dəyişdirilməsinə səbəb nədir?
- 1970-ci illərdə hazırlanan seysmoloji xəritəyə əsasən Bakıda aktivlik 6 bal gücündə idi. 1980-cı ildə isə həmin xəritə bir daha işləndi və burada aktivlik 7 bal gücünə müəyyən edildi. 1991-ci ildə tərtib olunan müvəqqəti seysmoloji xəritədə isə bu aktivlik 8 bal gücündə göstərilir. Lakin araşdırmalar zamanı məlum oldu ki, müvəqqəti seysmoloji xəritədə bir çox yanlışlıqlar var. Bu səbəbdən də, dövlət tərəfindən göstəriş verilib ki, layihələri həyata keçirmək üçün yeni seysmoloji xəritə hazırlanmalıdır. Yeni tədqiqatlara başlamışıq. Araşdırmalarımız zamanı müəyyən etdik ki, Bakıda ümumi götürəndə seysmoloji aktivliyin 8 bal gücündədir. Lakin yerli qurunt şəraitinə uyğun olaraq bu səviyyə arta bilər. Yəni ola bilər ki, Bakının müəyyən ərazisində 9 bal gücündə zəlzələ baş versin. Buna görə də, Bakıda tikilən binalar 9 bala uyğun olmalıdır.
Yeni tədqiqat işlərimizə görə, Lənkəran, Lerik, yəni Cənub-Talış zona əvvəllər deyildiyi kimi 8 yox, 9 ballıq seysmoloji aktivlikdə yerləşir. Saatlı-Sabirabad zonasında da yüksək intensivlikli zəlzələlər ola bilər. Belə yerlər kifayət qədər böyükdür.
Bakı üçün təhlükə Xəzər dənizindəki ocaqlardan gəlir. Həmin ocaqların tədqiqi tərəfimizdən araşdırılır. Çox təəssüf ki, 2 ildən artıq xaricdən alınan dəniz dibi üçün nəzərdə tutulan seysmoloji avadanlıqlar qurulmayıb. Onları dəniz dibinə yerləşdirmək üçün tləb olunan maliyyə olmadığı üçün həmin məsələ açıq qalır. Həmin avadanlıqlar anbarda qalıb. Svadanlıqlar quraşdırılarsa, dənizdə olan ocaqların parametrləri dəqiqliklə öyrənilər.
Hazırda Azərbaycan üçün ən təhlükəli zəlzələ ocaqları hansı bölgələrdədir?
- Ən təhlükəli zəlzələ ocaqları Böyük Qafqazın, Kiçik Qafqazın Azərbaycan hissələri, Xəzər dənizində güclü zəlzələ ocaqları var. Bundan başqa, digər ərazilərdə orta güclü zəlzələrin olması mümkündür. Lakin həmin ocaqlarda yeraltı təkanlar baş verərsə, yalnız həmin ərazilər deyil, digər yaxın ərazilər də titrəyişə məruz qala bilər.
Ümumilikdə Azərbaycanda seysmik təhlükə 8 bal, Böyük və Kiçik Qafqaz əraziləri isə 9 ballıq zonalar kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycan bütünlüklə seysmik təhlükəli ərazidir.
- Yapon alimləri iddia edirlər ki, zəlzələni öncədən hesablayıb, deyə biləcək avadanlıqlar hazırlayıblar. Bəs Azərbaycanda belə avadanlıqların quraşdırılması mümkündürmü?
- Hələ ki, indiyə qədər zəlzələni əvvəlcədən xəbər verə biləcək cihaz hazırlanmayıb. Hətta bu ixtira yaponların özlərinə belə qismət olmayıb. Azərbaycanda isə Amerikadan xüsusi cihazlar alınıb. Bu cihazlar vasitəsilə Xəzər dənizində quraşdırılır. Quraşdırılan avadanlıqlar vasitəsilə dənizin ən dərin nöqtəsində belə baş verə biləcək ən kiçik titrəyiş qeydə alınacaq. Qeydə alınan məlumatlar nə qədər çox və nə qədər dəqiq olsa, gələcəkdə seysmik təhlükənin qiymətləndirilməsi məsələsi də bir o qədər etibarlı olacaq. Zəlzələdən əvvəlcədən xəbər verməkdənsə, ona qarşı tədbir görmək lazımdır.
- 2000-ci ildə Bakıda baş verən 6 ballıq zəlzələ binalarda, tikinti obyektlərində dayanaqlıq gücünü zəiflədə bilərmi?
- Həmin zəlzələ ola bilməz ki, binalara təsir etməsin. Baş verən zəlzələ binaların özülünü tərpədərək, onların dayanaqlıq gücünü zəiflədə bilər. Düşünürəm ki, həmin binalar müasir seysmik zonalara uyğun deyil. Həmin binaların özülü bərkidilməlidir. Daha yaxşı olardı ki, köhnə binalar sökülüb, yeni seysmoloji məlumatlara uyğun tikilsin.
- Bəs zəlzələ baş verərsə, əhali nə etməlidir?
- Əgər zəlzələ baş vermiş ərazidə zədələnmiş binalar varsa, bu binalara girmək məqsədə uyğun deyil. Çünki həmin avterşoklar zədələnmiş binanı bir az da silkələyib dağıda bilər. Ona görə də zədələnmiş binada yaşamaq təhlükəlidir. /anspress/