"Azərbaycan hər zaman Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına nəqli üçün öz infrastrukturunu təklif edib"
“Gələn il üçün inşasının başa çatdırılması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi Çindən Avropaya və əksinə rəqabətədavamlı, etibarlı və vaxt baxımından qənaətli sərnişin və yük daşımalarının reallaşdırılmasına yol açacaq və ölkələrimizin geniş tranzit potensialını nümayiş etdirəcək və iqtisadiyyatımız üçün stabil gəlir mənbəyi yaradacaq”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
“Bu məqsədlə, Türk Şurası çərçivəsində keçirilən əlaqədar nazirlik və qurumların müntəzəm görüşlərini və yuxarıda qeyd olunan nəqliyyat dəhlizinin imkanlarının artırılmasına xidmət edəcək təklifləri dəstəkləyirik”, deyə nazir qeyd edib.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan hər zaman Xəzər dənizinin enerji resurslarının Qərb bazarlarına nəqli üçün öz infrastrukturunu təklif edib: “Bu gün Azərbaycan həm də Cənubi Qaz Dəhlizi kimi transregional əhəmiyyətli, genişmiqyaslı enerji layihələrinin təşəbbüskarı və icraçısı kimi önəmli rol oynayır. Cənubi Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru xəttinin genişləndirilməsi və TANAP və TAP boru kəmərlərinin inşası plana uyğun şəkildə həyata keçirilir. Bu, nəhəng Şah Dəniz qaz yatağını Gürcüstan və Türkiyədən keçməklə Avropaya birləşdirəcək”.
Nazir həmçinin Azərbaycanın üzv dövlətlər arasında informasiya-kommunikasiya texnologiyaları, bərpa olunan enerji, orta və kiçik sahibkarlığın inkişafı və özəl sektor sahəsində əməkdaşlıq təşəbbüslərini dəstəklədiyini vurğulayıb: “Mən həmçinin, turizm sahəsində tərəfdaşlığın və bu sahədə yeni sərmayə yatırımı imkanlarının öyrənilməsinin əhəmiyyətini xüsusi qeyd etmək istərdim”./apa/