Bakı-Sumqayıt qatarı vaxtından tez istifadəyə verilə bilər.
Bunu açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nazim Əzməmmədov bildirib.
“Hazırda Bakı-Sumqayıt qatarının istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri gedir. Çalışacağıq ki, qatarlar sentyabrın 15-dən tez istifadəyə verilsin”, - deyə o bildirib.
Artıq bu qataralarda gediş haqqı da müəyyənləşib. "Azərbaycan Dəmir Yolları" QSC Tarif Şurasına qiymətlərin 70 qəpik olması barədə təklif paketi hazırlayaraq təqdim edib. Lakin bu qiymətin aşağı salınması və ya qaldırılması şuranın qərarından asılıdır.
"Tarif Şurası" qatarlarda gediş haqqını müəyyənləşdirdikdən sonra vahid kart sistemi Bakı-Sumqayıt dəmir yol xəttində də istifadə ediləcək.
Yeni iki mərtəbəli qatarların intervalına gəldikdə isə, qatarlar arasında interval pik vaxtlara görə nizamlanacaq. Sumqayıtdan Bakı istiqamətinə səhər saat 6-dən saat 12-yə qədər qatarlar 30 dəqiqə intervalla xidmət gösdərəcək. Əks istiqamətidə isə bu proses saat 16:00-dan 21:00-a kimi davam edəcək.
Nadir Əzməmmədov həmçinin qeyd edib ki, gələcəkdə Gəncə istiqamətində də iki mərtəbəli qatarlardan istifadə olunacaq.
“Yeni icra olunacaq layihələr çərçivəsində iki mərtəbəli qatarların Gəncə istiqamətində dəmir yolunda sərnişindaşımada xəttə buraxılması da var”, - deyən qurum rəsmisi bildirib ki, bu məsələyə Bakı-Sumqayıt qatar xətti işə salınandan sonra baxılacaq.
"Stadler" qatarları ölkəyə iyun ayında gətirilib. Prezident İlham Əliyev də yeni qatarlarla tanış olub, hətta onu idarə edib./anspress/