Döyülərək öldürülən jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva Bakı şəhərinin prokuroru Əziz Seyidovla görüşüb.
Musavat.com xəbər verir ki, görüş avqustun 28-də baş tutub. Bakı Şəhər Prokurorluğunun istintaq idarəsinin müstəntiqi Kamran Məmmədovun da qəbulunda olan Teyfurə Əliyevaya istintaq araşdırmaları ilə bağlı məlumat verilib. Mərhum jurnalistin anası daha sonra Əziz Seyidovun qəbulunda olub.
Jurnalist Rasim Əliyev son dəqiqələrində
T.Əliyeva musavat.com-a açıqlamasında bildirib ki, görüş zamanı həkimlərin məsuliyyətsizliyi ilə bağlı Bakı şəhər prokuroruna məlumat verib. Rasim Əliyevin xəstəxanaya gətirilməsindən əməliyyat olunanadək yaşananları prokurora danışan T.Əliyeva şikayətlərinin dinlənildiyini və qeydə alındığını bildirdi: “Əziz Seyidov bir qrup jurnalistin də həkimlərin məsuliyyətə cəlb olunması ilə bağlı müraciət etdiyini dedi. Prokuror bildirdi ki, jurnalistlərin şifahi müraciətləri dinlənildikdən sonra yazılı ərizələri də qəbul edilib. Əziz Seyidov həkimlərin məsuliyyətsizliyə yol verməsi ilə bağlı etdiyimiz şikayətlərin də araşdırılacağını, hüquqi qiymət veriləcəyini dedi”.
T.Əliyeva oğlunun ölümünə görə həbs olunan futbolçu Cavid Hüseynovun vəkili Adəm Məmmədovun “...Sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib” kimi qəribə bir fikir səsləndirməsindən də narazı olduğunu bildirdi: “Belə bir sözü necə demək olar? Mənə qohumlarım dedilər ki, vəkil belə bir açıqlama verib. İndi bir insan tanınmayıb deyə onu öldürmək lazımdır?”
Qeyd edək ki, vəkil A.Məmmədov mətbuata açılamasında deyib ki, ABŞ səfirliyinin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə bağlı verdiyi bəyanata cavab olaraq, müvafiq addımlar atılacaq.
Vəkilin narazılıq doğuran fikirləri isə belədir: “Azərbaycanda fotoreportyor kimi fəaliyyət göstərən, xarici mətbuatda isə tanınmış jurnalist kimi təqdim edilən Rasim Əliyevin ölümü ilə bağlı sözügedən qurumların verdiyi bəyanatlara adekvat müraciət hazırdır. Avropa Şurasına, eyni zamanda bəzi səfirliklərə də bu müraciəti göndərəcəyik. Çünki adi məişət zəminində baş verən hadisəni elə yayıblar ki, sanki Azərbaycanda tanınmış qələm sahibi qətlə yetirilib. Əlbəttə, söhbət insan ölümündən gedir, buna hamı təəssüflənir. Amma mərhumun tanınmış şəxs kimi təqdim olunması Azərbaycan barədə yanlış, qərəzli təsəvvürlərin yaranmasına səbəb olduğundan biz də buna qarşı müvafiq addımlar atacağıq. Nəzərə almaq lazımdır ki, dünyanın müxtəlif ölkələrində gün ərzində adi məişət zəminində onlarla belə ölüm halları qeydə alınır”.
Xatırladaq ki, avqustun 27-də Səbail rayon Məhkəməsində Cavid Hüseynov barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. Hakim vəsatəti təmin etməyib.
Futbolçu Cavid Hüseynovun qalmaqala səbəb olmuş məşhur jesti
Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində bir qrup naməlum şəxs tərəfindən döyülərək, çoxsaylı bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 9-da gecə saatlarında vəfat edib.
Hadisəyə səbəb Rasim Əliyevin öz “Facebook” səhifəsində Cavid Hüseynovu Kiprin "Appolon" komandası ilə Avropa Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunundan sonra kiprli jurnalistin ünvanına etdiyi jesti tənqid etməsi olub. Kiprli Caviddən onun nəyə görə oyundan sonra Türkiyə bayrağını götürdüyünü soruşmuşdu. Futbolçu isə “ona görə ki, biz qardaşıq” jestini vermişdi.
Rasim Əliyev “Facebook”da status yazandan sonra Cavid Hüseynovun özü ona zəng vurub. Onlar kifayət qədər sakit danışıblar və futbolçu ona hərəkətinin səbəblərini izah edib.
Lakin futbolçunun qohumları sakitləşməyib. Onlar Rasimə zəng vuraraq onu çaya dəvət ediblər. Rasim Bayılda baş tutan görüşə gedib. Elə orada 7-8 nəfər KİV nümayəndəsinə hücum edərək onu döyüblər və telefonunu əlindən alıblar. Xəstəxanaya yerləşdirilmiş Rasim Əliyev əvvəlcə özünü yaxşı hiss edib jurnalistlərlə söhbət etsə də, gecə dünyasını dəyişib.
Jurnalistin ölümünə görə futbolçu Cavid Hüseynov, onun bibisioğlu və daha 4 nəfər həbs olunub./anspress/