Bakı metrosunda üç yeni təsərrüfat qatarı istifadəyə verilib
07.04.2022 470 0.0 0

Bakı metropolitenində üç yeni təsərrüfat qatarı (motovoz) istismara verilib. Bu maşınlar gün ərzində depoda, gecə növbələrində isə tunellərdə sağlamlaşdırma və təmirin əsas hərəkətverici qüvvəsidir. Ümumən sərnişinlərə təhlükəsiz və mədəni xidmət, əsasən, gecə növbələrində cəmi 3 saat ərzində görülən tədbirlərdən çox asılıdır.

Qazeta.info Bakı metropolitenindən verilən məlumata istinadla bildirir ki, motovozlardan aidiyyəti üzrə müxtəlif yüklərin - mal-materialların, mexanizm, alət və ləvazimatın, eləcə də işçilərin sahələrə çatdırılmasında istifadə olunur. Bu qatarlar əl ilə daşınması mümkün olmayan müxtəlif təyinatlı mexanizmlərlə və yüksəkliklərdə aparılan işlərə cəlb edilir. Hər həftə müxtəlif xidmətlərin sifarişinə uyğun olaraq, gecə növbələrində xətlərə 80-120 təsərrüfat qatarı çıxarılır.
Ümumən Bənövşəyi xəttin genişlənməsi ilə Xocəsən qəsəbəsində yerləşən elektrik deposunun birinci mərhələ üzrə istifadəyə verilməsi 2022-ci ilin sonuna nəzərdə tutulduğundan, habelə istismar müddətini başa vurmuş motovozların yeniləri ilə əvəzlənməsi günün vacib məsələləri sırasında yer alır.
Dartı modullu üç yeni təsərrüfat qatarı Bakı metropoliteninin texniki şərtləri əsasında Rusiyanın “ViLen” MMC-də istehsal olunub. Texniki tələblər sırasında Bakının iqlim şəraiti, metropolitenin hidrogeoloji şəraiti, relyefi, yolun plan və profildə vəziyyəti, yerinə yetirilən işlərin xüsusiyyətləri nəzərə alınıb. Məhz bu səbəbdən yeni maşınların əsas üstünlükləri güc qabiliyyətindədir. Metropolitenin ən mürəkkəb sahələrinə xüsusi ağırlıqlı və uzunluğu olan mal-materialın daşınmasını istismar müddətini başa vurmuş iki motovoz birlikdə yerinə yetirirdisə, yeni təsərrüfat qatarının hər biri bu işi təkbaşına görə bilir.
Hər üç maşın əmək şəraitinə müsbət təsiri baxımından Bakı metropoliteninin motoparkına unifikasiya olunub, mümkün həddə çoxfunksiyalı və universaldır. Bu xüsusda metropolitenin texniki tələblərinə uyğun olaraq, istehsal prosesində dünyanın aparıcı şirkətlərinin detalları ilə təchizatına, bundan savayı, dəmiryol nəqliyyatı üçün müəyyən olunmuş Avropa standartlarına uyğunluğuna diqqət edilib. Təsərrüfat qatarlarının istehsalında güc qurğularına da xüsusi texniki şərtlər qoyulub. Bu mənada müasir dövrün ekoloji standartlar baxımından ən yüksək tələblərinə uyğun  cavab verən “Cummins” tipli dizel mühərriki, həmçinin məsafəli idarəetməyə malik  mexaniki sürət qutusu ilə təmin edilib. Digər texniki şərtlər sırasında ekoloji cəhətdən, ələlxüsus tunellərə və işçilərin səhhətinə təsirinin, səs-küyün normalar həddində olması ilə bağlı müvafiq tələblər qoyulub. Təhlükəsizlik baxımından yanğınadavamlı materiallardan istifadə olunması, yanğın əleyhinə və digər sistemlərin quraşdırılması da nəzərə alınıb.
İş prosesi üçün xüsusi əhəmiyyət kəsb edən maşinist kabinası rasional tələblərə uyğun qurulub. O, genişliyi, müasir idarəetmə pultu, kondisioner və təbii havalandırma sistemi ilə seçilir. Yüklərin və işçi heyətinin idarəetmə prosesinə maksimum mane olmaması nəzərə alınıb. Mühərriklər maşinist kabinalarından kənardadır. Bu texniki həll maşına qulluq, təmiri asanlaşdırıb. Bununla həm də mühərrikin səsi maşinist salonuna daxil olmur, maşinistə rahat və diqqətli müşahidə aparmağa imkan verir. Üstünlükləri sırasında radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma və reversiv idarəetmə sistemlərlə təchizatı da qeyd olunmalıdır və bununla yeni motovozlar əvvəlki nəsil analoqlarından seçilir.
Bakı metropolitenində 27 təsərrüfat qatarı var. Onlardan 5-i 2014-2017-ci illərdə alınıb. Motovoz parkının əsasən əvvəlki nəslə mənsub maşınlardan ibarət olması və Bənövşəyi xəttin ehtiyacları nəzərə alınmaqla, yenilənmə prosesinin qarşıdakı illərdə davam etdirilməsi nəzərdə tutulub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar