Bakı Metropolitenində yenidən problem meydana çıxıb. Məlumata görə, qatarların hərəkətində gecikmə yaranıb. Özü də bu dəfə nə az, nə çox düz yarım saat. Metronun ən çox sıxlıq müşahidə olunan 28 May stansiyasında qatarın gecikməsi əməlli-başlı izdihama səbəb olub.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qatarların hərəkətində problem yaşandığını təsdiqləyib.
O bildirib ki, 28 May stansiyasından Cəfər Cabbarlı, Xətai stansiyası istiqamətinə diaqnostik qatarı işə salıblar. "Bu, relslərdə təhlükəsizliyi yoxlamaq üçün bir sınaq idi. Sadəcə bir qədər ləngimə oldu - təqribən yarım saat. Buna görə də gecikmə baş verdi. Lakin tez bir zamanda bu problemi aradan qaldırdıq. Bu, o demək deyil ki, metroda hər hansı nasazlıq var baş verib".
Artıq adıçəkilən stansiyalarda qatarların hərəkəti bərpa olunub. Bundan əvvəl də metronun müxtəlif stansiyalarında ləngimələr baş verib. Dekabrın 10-da "Bakı Metropoliteni" qatarlarının hərəkətində yenidən problem yaranıb. Buna görə də qatarların qrafikində dəyişiklik olub və lövhə "Dərnəgül" stansiyası istiqamətini göstərsə də qatarlardan bəziləri istiqamətini dəyişərək "İçərişəhər" stansiyasına gedib. Nəticədə də səhər saatlarında işə, dərsə tələsən sərnişinlər üçün bir sıra çətinliklər yaranıb.
Dekabrın 2-də "İçərişəhər" - "Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Gənclik" stansiyasına çatmamış tuneldə qalıb.
Bildirilir ki, qatar tuneldə 10 dəqiqəyə yaxın qalıb. Daha sonra isə sərnişinlər "Gənclik" stansiyasında təxliyyə edilib. Nəticədə stansiyada basabas yaranıb. Sərnişinlərdən bəzilərinin halı pisləşib./anspress/