Hər bir ölkə gələn turist ilk öncə oranın aeroportuna ayaq basır. Məhz bu səbəbdən də aeroportu ölkənin "giriş qapısı" adlandırmaq olar. Aeroportumuzda işıqlandırma sistemindən tutmuş, müasir avadanlıqlara qədər bütün şərait insanların rahatlığını tam təmin edir. Üstəlik Bakı aeroportunda göstərilən xidmət də çox gözəldir. Aeroport ərazisində gömrüksüz ticarət mağazaları (Duty Free) fəaliyyət göstərir. Mağazalarda dünyanın bütün ölkələrində istehsal olunan məhsullar satılır. Ancaq nə qədər qəribə olsa da ölkənin "giriş qapısı"nda Azərbaycanı təbliğ edəcək bir dənə də olsun məhsul satılmır.
İlk öncə qonşu ölkələrin aeroportlarına diqqət edək. Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən hava limanında “Duty Free”lərdə təklif olunan məhsullar ölkənin milli istehsalıdır. Məsələn Rusiya şokaladı, Rus balı və s. almaq istəyən turist əziyyət çəkmədən aeroport ərazisindəki mağazalara baxa bilər. Bakı aeroportunda isə İtaliya, Fransa, Rusiya, Türkiyə və s. ölkələrdə istehsal olunan məhsullar satılır. Lakin çox təəssüf ki, burada yerli məhsullar gözə dəymir.
Yaxşı olardı ki, hər gün ölkəyə gələn və ölkədən gedən turistlərə milli mətbəxtimizin nümunələrindən təklif olunsun. Şəkərbura, paxlava, noğul, lap rlə ermənilərlə müəllif hüquqluğu üstdə çəkişdiyimiz lavaş satılsa yerinə düşər. Bununla həm Azərbaycan mədəniyyətini təbliğ etmək olar, həm də yerli istehsalatı gücləndirmək olar.
Paytaxt sakinləri və ölkəyə təşrif buyuran qonaqlar da bunun çox gözəl ideya olduğunu bildirirlər. Ekspertlər də təklifimizin aktual və əsas məsələ olduğunu deyir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov ANS PRESS-ə açıqlamasında “Duty Free”lərdə yerli məhsulların da təklif olunmasının vacib olduğunu bildiridi.
“Azərbaycanda keçirilən bu tarixi yarışması bizim üçün çox mühümdür. Bunu qüsursuz həyata keçirməliyik. Biz Azərbaycanın nüfuzu beynəlxalq səviyyədə artır. İndi Avropa Oyunlarının keçirilməsi ölkənin nüfuzunu daha da qaldıracaq. Yəqin ki, etdiyiniz təklifi lazımı təşkilatlar eşitdi və bunu dyənləndirəcəklər”, - deyə Fuad Məmmədov bildirib.
Mədəniyyət və Turizim Nazirliyindən də toxunduğumuz məsələnin aktual problem olduğunu bildirdilər. Bildirilidi ki, təklif olunan bu ideya çox gözəldir.
Dövlət qurumundan onu da vurğuladılar ki, nazirlik olaraq, ölkəyə gələn turistlər üçün təbliğat və təşviqat işləri həyata keçiriləcək.
“Şəhərin mərkəzi küçələrində və Hava Limanından informasiya köşkləri qurulacaq. Onlarla Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Azərbaycan mədəniyyət və tarixini əks etdirən videoçarxlar nümayiş olunacaq. Həmin informasiyalar müxtəlif dillərdə nümayiş olunacaq”, - deyə nazirlikdən bildirildi.
Məsələyə münasibət bildirərkən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən vurğulandı ki, onlar sırf oyunlarla bağlı tədbirlər keçirirlər. Qeyd olunan məsələnin onlara heç bir dəxli yoxdur.
Ümid edirik ki səsimiz bu məsələnin dəxli olduğu təşkilata çatacaq. Və qonşularımızın çox vaxt əlimizdən aldığı milli mətbəxt nümunəmiz xarici turistlərə Azərbaycan məhsulu adı altında təklif olunacaq. Axı Bakı-2015 kimi böyük fürsət bir də çətin ələ düşsün. Bundan maksimum yararlanmaq lazımdır./anspress/