Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha üç taekvandoçumuz yarımfinal mərhələsinə yüksəlib.
Məlumata görə, qadınların mübarizəsində idmançımız Fəridə Əzizova (67 kq) 1/4 finalda iranlı Parisa Cavadikouçaksaraellə görüşüb.
F.Əzizova rəqibindən üstün olub - 10:4.
Digər qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Caberə qalib gələrək yarımdinala vəsiqə qazanıb - 19:7.
Kişilərin yarışında isə 80 kq çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz Milad Beigi Harçeqani 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Maced Almabrukla qarşılaşıb.
Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz yarımfinala yüksəlib - 21:2.
Xatırladaq ki, bundan əvvəl 68 kq çəki dərəcəsində çıxış edən idmançımız Ayxan Tağızadə da yarımfinaldadır.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/