Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları zamanı zərurət yaranacağı halda tibbi yardım xidmətinin təşkili məqsədilə ambulans vertolyotlardan da istifadə ediləcək. Bunu Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Həmidov deyib.
Onun bildirdiyinə görə, həmin vertolyotlardan fövqəladə hallarda istifadə ediləcək. Onlar artıq hazır vəziyyətdədirlər.
M.Həmidov deyib ki, Avropa Oyunları ilə bağlı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını gətirilib. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.
Onun sözlərinə görə, Oyunların əsas hissəsi Bakı şəhərində keçiriləcəyi üçün Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları artıq hazır vəziyyətə gətirilib. Bakıda Avropa Oyunlarına 25 həkim briqadası cəlb olunacaq.
M.Həmidov bildirib ki, Avropa Oyunları zamanı avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərində də Respublika Təcili Yardım Stansiyasının tibbi briqadası növbə çəkəcək: "Oyunların keçiriləcəyi müddət üçün Səhiyyə Nazirliyinin Təcili Yardım Stansiyanın mütəxəssislərinin növbətçilik rejimi də müəyyənləşdirilib".
Direktor deyib ki, Mingəçevir Təcili Tibbi Yardım Stansiyasının həkimləri artıq Avropa Oyunlarına hazırdırlar. Həmin həkimlər Bakı şəhərində müvafıq təlimlərdən keçiblər.
M.Həmidov həmçinin deyib ki, tibbi biliklərin təkmilləşdirilməsi ilə yanaşı, təcili tibbi yardım xidməti həkimləri üçün ingilis dili kursları da təşkil edilib. Artıq kurslar başa çatıb./trend/