Bu gün Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, B. Muradova Azərbaycanla İsveç Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib.
B. Muradova Azərbaycanın Şərqdə qadınlara ilk dəfə seçki hüququ verən dövlət kimi tarixin səhifələrinə düşdüyünü diqqətə çatdırıb, qəbul edilən qanun və aktlarda gender bərabərliyi prinsiplərinin qorunmasından, bu sahəni əhatə edən sənədlərin qəbulundan söz açıb. Milli Məclis sədrinin müavini Azərbaycan parlamentində təmsil olunan 125 deputatdan 20-nin qadın olduğunu qeyd edib.
Azərbaycanın dostu olaraq səfərə gəldiklərini deyən M. Vallström Azərbaycanın dövlət siyasətində və ölkə həyatında qadınların rolunu yüksək dəyərləndirib. İsveç xarici işlər naziri ölkələrimiz arasında ticarət dövriyyəsi sahəsində ikiqat vergitutmanın ləğvi ilə bağlı sənədin qəbul edilməsini də yüksək qiymətləndirib. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tezliklə əhəmiyyətli irəliləyişlər ediləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, deputatlardan Məlahət İbrahimqızı, Aytən Mustafayeva, Kamilə Əliyeva və digərləri iştirak ediblər./apa/