Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı iki ölkənin bankları arasında hesablaşmalarda istifadə olunacaq yeni kriptovalyutanın tətbiqinə hazırlaşır.
"Rambler News Service" agentliyinə istinadən xəbər verilir ki, bu açıqlamanı BƏƏ Mərkəzi Bankının sədri Mubarək Rəşid əl-Mansuri "Gulf News" agentliyinə bildirib.
Əl-Mansuri qeyd edib ki, yeni kriptovalyuta blokçeyn texnologiyası əsasında işlənib hazırlanacaq. Fiziki şəxslərin bu kriptovalyutaya girişi mümkün olmayacaq. Kriptovalyuta ancaq BƏƏ və Səudiyyə Ərəbistanı mərkəzi bankları və kommersiya bankları arasında hesablaşmaların həyata keçirilməsi üçün istifadə olunacaq.
"Bu, banklar və mərkəzi bankların apardığı əməliyyatların rəqəmsallaşmasıdır", - Əl-Mansuri əlavə edib./Report/