Uzun müddətdir savaş meydanına çevrilən Suriyanın lideri Bəşər Əsəd gözlənilməz qərar qəbul edib. Məlumata görə, Əsəd yeni hökumət qurur. Bu işi isə o, elektrik naziri İmad Hamisə tapşırıb. Bu qərarla o, ölkənin yeni baş naziri təyin edilib.
Bu barədə məlumatı Suriyanın rəsmi xəbər agentliyi olan SANA yayıb.
Lakin nə üçün yeni hökumətin qurulmasına dair tapşırıq verildiyi açıqlanmayıb.
Ondan öncə baş nazir postunu Vail əl-Halkini icra edib. O, iki dəfə 2012-ci ilin avqust və 2014-cü ilin eyni ayında seçilmişdi. Onun istefasını ekspertlər ictimaiyyətin artan narazılığı ilə əlaqələndirmişdilər.
B.Əsəd qüvvələrinin nəzarətində olan ərazilərdə aprel ayında seçkilər keçirilmişdi.
Son dəfə Suriyada parlament seçkisi 2012-ci ildə keçirilmişdi. Bu tarixdə ilk dəfə iqtidarda olan BƏƏS partiyasından savayı başqa partiyaların da seçkidə iştirakına icazə verilmişdi. Ancaq 4 illik müddətə seçilən millət vəkillərinin əksəriyyəti məhz BƏƏS-dən idi.
Seçkidən sonra Əsəd Riad Hijabı baş nazir postuna təyin etmişdi. Hijab bir müddət sonra ölkədən qaçıb və müxalifət liderlərindən biri olub. /anspress/