B12 vitamini (sianokobalamin) bəzən "supervitamin" adlandırırlar.
Onun digər adı "anemiya (qanazlığı) əleyhinə vitamin". Orqanizmin normal fəaliyyəti üçün bu vitamin olduqca vacibdir.
- B12 immun sisteminin normal fəaliyyəti üçün ən vacib olan maddələrdən biridir.
- B12 insanın beyin funksiyalarına və emosional vəziyyətinə böyük təsir edir, sinir sistemini mənfi təsirlərdən qoruyur. Bu maddə ilə zəngin olan qidaların qəbulu streslər və depressiyalarla mübarizə etməyə kömək edir, yuxusuzluğu aradan qaldırır.
B12 vitamini sinir lifləri örtən xüsusi miyelin qişasının əmələ gəlməsində iştirak edir. Miyelin qişası dağıldıqda sinir impulsların ötürülməsi prosesi pozulur ki, bunun nəticəsində insanda yayılmış skleroz kimi ağır xəstəlik inkişaf edir.
Beləliklə, orqanizmdə B12 vitaminin xroniki çatışmazlığı müxtəlif sinir sistemi xəstəliklərinə və pozulmalarına səbəb ola bilər.
- Bundan əlavə sianokobalamin qanyaratma proseslərdə və sümük toxumasının əmələ gəlməsində və bərpasında iştirak edir. Bu səbəbdən B12 vitamini uşaqların böyüməkdə olan orqanizmi üçün olduqca vacibdir.
- B12 vitamini orqanizmin mübadilə proseslərində aktiv şəkildə iştirak edir.
- B12 orqanizm üçün olduqca çox mühüm olan hüceyrələrin bölməsi prosesində iştirak edir. Bu xüsusilə daha tez-tez bölünən hüceyrələr - qan, immun sistemi, dəri, bağırsaqların selikli qişasının hüceyrələri - üçün vacibdir. Orqanizmdə B12 vitaminin çatışmazlığı bu prosesləri ləngidir ki, nəticədə orqanizmdə çox ciddi pozulmalar yarana bilər - immun sistemi zəifləyir, qanazlığı inkişaf edir, müxtəlif dəri problemləri yaranır və s.
B12 vitamini yüksək temperaturlara davamlıdır və bir çox digər vitaminlərlə müqayisədə bişirilmə zamanı az dağılır.
Bu vitaminin növbəti müsbət xüsusiyyəti ondan ibarətdir ki, B12, bir çox digər vitaminlərdən fərqli olaraq, orqanizmdə yığıla bilir, lakin bu orqanizmə heç bir toksiki təsir etmir.
B12 vitaminin çatışmazlığına səbəb olan amillər: bəzi həzm sistemi xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit və s.), natamam qidalanma (məsələn, vegetarianlarda, daim pəhriz saxlayan insanlarda və s.), bəzi dərman preparatların uzun müddət ərzində qəbulu, siqaret çəkmək və s.
B12 vitaminin çatışmazlığı özünü bu kimi simptomlarla büruzə verir:
- qanazlığının inkişafı
- əsəbilik, tez yorulma, başgicəllənməsi, depressiya
- iştahanın azalması, ishal, selikli qişalarında xoraların əmələ gəlməsi
- ocaqlı allopesiya (saçların ocaqlı tökülməsi), ağız qıraqlarında çatlar, dilin iltihabı - qlossit (dil qırmızı, hamar, ağrılı olur), dermatit (burnun və ağzın ətraflarında dərinin iltihablaşması, pulcuqların əmələ gəlməsi), xarici cinsiyyət orqanlarında dərinin iltihablaşması və qaşınması
- gözlərdə qaşınma, göynəmə, işiğa qarşı həssaslığın artması, görmənin zəifləməsi.
B12 vitamini əsasən ətdə (xüsusilə heyvanın qara ciyərində, böyrəklərində), balıqda (skumbriya, sardina, siyənək, keta, xanı balığı) və digər dəniz məhsullarında (krab, istridyə), yumurta sarısında və süd məhsullarında (kəsmik, pendir) olur./Saglamolun.az/