Aziz Sancar: `Türk dünyasına borcumu ödədim`
12.06.2017 839 0.0 0

"Aziz Sancarı Nobel mükafatına aparan yol Mardində doğulub böyüdüyü yoxsul bir ailədən başlayıb".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bu təhsil ocağında keçirilən "Aziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi" adlı konfransdakı çıxışında bildirib.

 

Rektor Nobel laureatının həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verərək bildirib ki, A.Sancar 1963-1969-cu illərdə tibb sahəsi üzrə təhsil alıb. Bir müddət ölkəsində çalışdıqdan sonra 1977-ci ildə təhsilini ABŞ-ın Şimali Karolina Universitetində davam etdirib. Aziz Sancar 2015-ci ildə DNT sahəsində uğurlu tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb.

 

Böyük türk aliminin ölkəmizə səfərini yüksək dəyərləndirən rektor bu səfərin reallaşmasından məmnunluğunu ifadə edib: "Professor Aziz Sancar ilk türk kimi elm üzrə Nobel mükafatı almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə Türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib. Aziz Sancar Kimya üzrə Nobel mükafatı alana qədər biz hər zaman bəzi xalqların bu mükafatı almasından danışırdıq. Ancaq Aziz Sancar bütün dünyaya sübut etdi ki, türk millətinin içindən də belə alimlər çıxa bilər və bu, şübhə doğurmamalıdır".

 

Professor Aziz Sancar isə çıxışında uzun illərdir apardığı elmi tədqiqatların istiqamətlərindən danışıb. Alim qeyd edib ki, araşdırmaları əsasən DNT identifikasiyası, fotoliaz tənzimlənməsi və bioloji saat mexanizmlərinin hazırlanması üzərində cəmləşib. Tədqiqatlarının nəticəsi olaraq yazdığı elmi monoqrafiya və kitablardan ABŞ, Çin,  İngiltərə və Türkiyə də daxil olmaqla, dünyanın nüfuzlu universitetlərində dərs vəsaiti kimi istifadə olunur.

 

Professor 2010-cu ildə Nobel mükafatına layiq görülməsi barədə xəbər tutduğu anı belə xatırlayıb: "Səhər saat beşdə İsveçdən bir zəng gəldi. Mən yatırdım, "Stokholmdan zəng edirik" dedi. Mən də yarıyuxulu nə dediklərini öncə anlamadım. Yarım saatın var dedilər, yarım saatdan sonra elan edəcəkdilər. Dedilər ki, bu müddət keçmədən heç kimə demə. Dedilər ki, bir azdan jurnalistlər gələcək. Onların suallarını cavablandırmağa hazır ol".

 

Professor deyib ki, bu nüfuzlu mükafatı aldıqdan sonra həyatı tam dəyişib. O, mükafatın özünü böyük öndər Atatürkün uyuduğu "Anıtkabir"ə, pul mükafatı olaraq verilən 325 min dolları isə ABŞ-dakı türk vəqfinə bağışladığını bildirib: "Allah güc verdi, orada dərs verdim. Dərsin ortasında da öz-özümə dedim ki, mən türk dünyasına olan borcumu ödədim. Türk dünyası mənə görə xəcalət çəkmədi. Bu gördüyünüz şəkli məndən şəkil istəyənlərə verirəm. Bu gördüyünüz şəkil həyatımda ən xoşbəxt olduğum andır. Çünki məni yetişdirən ana-atama, türk dünyasına borcumu ödədiyimi məhz o zaman hiss etdim".

 

Tədbirin sonunda dünya şöhrətli alim, professor Aziz Sancara "Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri doktoru" diplomu təqdim olunub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar