AZAL: Ucuz biletlər olacaq (VİDEO)
16.07.2015 802 0.0 0

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin ötən gün keçirilmiş kollegiya iclasında ciddi şəkildə müzakirə olunub. 

Qurumdan  daxil olan məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb. 

Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. 

Bununla yanaşı, Cahangir Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir. 

“Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov məlumat verib ki, hazırda AZAL-ın və İqtisadi İnkişaf və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaranmış birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayacaq. İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin. Qəbul edilmiş qərarlar barədə cəmiyyətə geniş məlumat veriləcək.


Azərbaycanda aviabiletlərin qiymətinin baha olması uzun müddətdir uzun müddətdir müzakirə mövzusudur. Belə ki, qiymətlər qonşu ölkələrlə belə müqayisədə dəfələrlə baha satılıb. 

Prezident də son müşavirədə xidmət səviyyəsinə baxmayaraq, AZAL-ın təyyarə biletlərinin qiymətlərinin digər ölkələrə, şəhərlərə nisbətən baha olması məsələsinə diqqət çəkib.


"Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır?", - deyə prezident iradını dilə gətirib. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar