Den Radu “Azərkosmos” ASC-nin Satış və marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, D. Radu ötən 20 il ərzində peyk sənayesinin liderlərindən olan “Intelsat”, “EMC2” və “Cisco” kimi şirkətlərdə idarəetmə və satış sahəsində geniş təcrübəyə yiyələnib, “Deutsche Telekom”, “Discovery Communications” və s. peyk və media sahəsində ixtisaslaşmış qurumlarda bir çox layihələrin uğurla icrasına öz töhfəsini verib. Köhnə nəsil kabel texnologiyaları, müasir peyk və media əməliyyatları sahələrində təcrübəsi olan D. Radu “Azərkosmos”un uzunmüddətli inkişaf strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək.
“Azərkosmos” Deni yüksək texniki təcrübəyə malik olması və kommersiya sahəsində əldə etdiyi uğurları əsas tutaraq satış və marketinq departamentinin rəhbəri kimi mühüm bir vəzifəyə təyin edib. Ən əsası, onun müştəri yönümlü olması “Azərkosmos”un dəyərləri ilə tam uyğunluq təşkil edir. Məhz bu keyfiyyət Dan Radunun baş kommersiya direktoru vəzifəsinə təyin olunması qərarına təsir edən əsas amil olub”, - deyə “Azərkosmos”un sədri R. Nəbiyev bildirib.
Hazırda DTH, media və genişzolaqlı informasiya ötürülməsi üçün nəzərdə tutulmuş tətbiqlərə artan tələbatı nəzərə alaraq, “Azərkosmos” ikinci telekommunikasiya peyki “Azerspace-2” vasitəsilə özünün regional strategiyası və peyk tutum həcmini daha da gücləndirməyi planlaşdırır. Den Radu şirkətin hədəflədiyi yeni regionlarda cəlb olunacaq yeni müştərilərin tələbatlarını daha yaxşı başa düşməkdə “Azərkosmos”a yardımçı olacaq. Qeyd edək ki, “Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.
D. Radu “Azərkosmos”da satış və marketinq departamentinə rəhbərlik edəcək və “Azərkosmos”un Bakıda yerləşən qərargahında fəaliyyət göstərəcək./apa/