Nikolayev vilayəti azsaylı xalqlar Şurasının sədr müavini, hüquq müdafiəçisi Xəyyam Dünyamalızadə APA-ya açıqlamasında bildirib ki, iş adamı ötən gün keçirdiyi mətbuat konfransında sahibi olduğu kompleksdə etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı mütəmadi olaraq edilən təhqirlərə, milli mənsubiyyətə görə obyektə girişlərinə qoyulan qadağaya görə üzr istəyib. O bildirib ki, bir daha belə hal təkrarlanmayacaq.
Qeyd edək ki, Ukraynanın müxtəlif şəhərlərdə yerləşən əyləncə komplekslərinin sahibi olan V. Qorbaçovun Nikolayev şəhərindəki obyektinə gələn azərbaycanlılar mütəmadi olaraq qovulub, onların əyləncə mərkəzinə girişinə qadağa qoyulub. Səbəb kimi milli mənsubiyyətləri göstərilib. Bununla bağlı Nikolayevdə yaşayan azərbaycanlılar ölkənin Baş Prokurorluğuna müraciət edib və məsələ ilə bağlı araşdırma başlayıb. Eyni zamanda Ukrayna Ombudsmanı və BMT-nin Ukrayna nümayəndəliyi bəyanat yayaraq hadisəni pisləyib.