AZƏRBAYCANLILAR LUQANSK VƏ DONETSKİNİ TƏRK ETMƏYƏ ÇAĞIRILIB.
08.08.2014 1800 0.0 0

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin Luqansk və Donetsk vilayətlərində yaşayan azərbaycanlıları həmin bölgəni təcili tərk etməyə çağırıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin səfirlikdəki nümayəndəsi Şahin Ocaqovun açıqlamasında bildirdiyinə görə, müraciətdə münaqişə bölgəsində yaşayan azərbaycanlılara oranı tərk edərək ən azı Ukraynanın qərbinə köçmələri məsləhət görülüb.

O deyib ki, həmin bölgənin bir hissəsi tamamilə nəzarətdən çıxdığı üçün orada baş verən hansısa hadisənin səbəblərinin müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılmasına yardım etmək mümkün deyil.

Ş.Ocaqov Luqanskda öldürüldüyü bildirilən Azərbaycan diasporunun rəhbərlərindən biri, iş adamı Telman Cəfərov haqqında da danışıb: “Biz bununla əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə, güc strukturlarına və beynəlxalq təşkilatlara müraciət etmişik. Hazırda onun barəsində dəqiq məlumat əldə etmək üçün çox çalışırıq. Təəssüf ki, həmin ərazi münaqişə bölgəsi olduğu üçün müdaxilə etmək mümkün olmur”.

Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Sədi oğlu Cəfərovun separatçılar tərəfindən pulemyotla atəşə tutularaq öldürüldüyü barədə xəbər yayılıb. Hadisə həmin gün axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.

T.Cəfərovun meyitinin separatçıların nəzarəti altındakı ərazidə qaldığı xəbər verilir. T.Cəfərovla birlikdə olan Mahir, Nurəddin və Eldar adlı azərbaycanlılar separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Məlumata görə, T.Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyərkən hücuma məruz qalıblar. -//apa


Teqlər:Azərbaycanlılar Luqansk və Donetski

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar