Azərbaycandan Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün gedən zəvvarlar Ərafat çölündədirlər.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, ötən gecədən başlayaraq azərbaycanlı hacı namizədləri qaldıqları otellərdən Ərafata daşınıb və onlar dualar edərək ehrama daxil olublar.
Məlumatda qeyd olunub ki, azərbaycanlı zəvvarların sağlıq durumu yaxşıdır: "Bu il əvvəlki illərdən fərqli olaraq zəvvarlar üçün daha hündür, səliqəli və təmiz çadırlar qurulub. Hər bir çadırın içərisində böyük kondisioner var, şərait çox yaxşıdır. Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra isə Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Ərəfatdan fərqli olaraq Müzdəlifədə heç bir şərait yoxdur. Boş daşlıq, çınqıllı bir yerdir. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Səhər isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Minadan şeytan daşlanacağı yerə kimi məsafə 3 km-ə qədərdir. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurbangahda qurban kəsəcəklər. Zəvvarlar qurban kəsildikdən sonra saçlarını, dırnaqlarını qısaldacaq və bununla da ehramdan çıxmış sayılaraq hacı olacaqlar". /Report/