Azərbaycanlı uşaqları daha çox hansı ölkə vətəndaşları övladlığa götürür?
07.04.2017 614 0.0 0

Azərbaycanlı uşaqlarını övladlığa götürən əcnəbilər daha çox xaricdə yaşayam soydaşlarımız - xaricilərlə nikaha daxil olan, yaxud vaxtilə Azərbaycanda nikaha daxil olub xaricdə yaşayan, uzun müddətli tibbi müdaxilələrə baxmayaraq, valideyn ola bilməyən şəxslər olur.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov deyib.

S.Məmmədov bildirib ki, son illərdə daha çox Rusiya vətəndaşları, eləcə də Türkiyə vətəndaşları ilə ailə həyatı quran azərbaycanlı xanımlar tərəfindən övladlığa götürmə üçün müraciətlər edilir: "Övladlığa götürülmə üçün ABŞ, Fransa, Almaniyadan da müraciətlər edilib. Bu ölkələrdən müraciət edən şəxslər milliyyətcə azərbaycanlı deyillər. Bu ölkələrin vətəndaşlarının övladlığa götürmə ilə bağlı Azərbaycanı seçməsinin ən əsas səbəbi ölkəmizdə ailə adət-ənənəsinin möhkəm olmasıdır".

S.Məmmədov qeyd edib ki, müraciət edənlər daha çox öz qohumlarının, tanışlarının uşaqlarını övladlığa götürmək istəyirlər: "Bu proses bir az asan başa gəlir. Çünki qohum uşağını övladlığa götürəndə sadəcə olaraq, həmin uşağın bioloji valideynlərinin notarial qaydada razılıq verməsi tələb olunur. Razılıq verildikdən sonra iş artıq müvafiq sənədləşdirmə əsasında məhkəməyə qədər davam etdirilir".

S.Məmmədov əlavə edib ki, 2016-cı ildə Komitənin rəyi ilə məhkəmələr tərəfindən 5 ölkələrarası övladlığa götürülmə ilə bağlı qətnamə çıxarılıb: "Hazırda isə 10-a yaxın xarici ailə övladlığa götürmə üçün qeydiyyata alınaraq gözləmə mövqeyindədir. Onlar namizəd kimi qeydiyyata alınıblar və müraciətləri də qüvvədədir. Arzularına uyğun uşaq olan kimi bu barədə onlara məlumat veriləcək".

S.Məmmədov deyib ki, övladlığa götürmə üçün qeydiyyata alınan namizədlərin müraciətlərinə son cavabın nə zaman verilməsi qanunvericilikdə göstərilməyib: "Buna görə də onların müraciətləri vətəndaşların müraciətlərinə baxılması qaydalarına əsasən baxılır. Nəzərə almaq lazımdır ki, hər zaman namizədin istəyinə uyğun uşaq olmaya bilər. Ona görə də belə müraciətlərə bir qədər fərqli yanaşılır. Namizəd qeydiyyata alınqıqdan sonra ona konkret deyə bilmirik ki, bu tarixdə sizə uşaq təklif edəcəyik. Müraciətə uyğun uşaq olan kimi onu növbədə gözləyən ailəyə təqdim edirik".

S.Məmmədovun sözlərinə görə, uşaqların maddi-mənəvi tələbatlarının ödənilməsini təmin etməkdən ötrü övladlığa götürmə üçün müraciət edənlərdən sağlamlıq, maliyyə vəziyyətini əks etdirən sənədlər tələb olunur ki, bu da beynəlxalq təcrübəyə uyğundur.

Ailələrə uşaq övladlığa verildikdən sonra da nəzarətin edildiyini deyən S.Məmmədov bildirib ki, Mülki Prosessual Məcəllənin 350-ci maddəsinə uyğun olaraq, uşaq övladlığa götürən şəxslər həmin uşağın təhsili, inkişafı barədə hesabatları Azərbaycan tərəfinə təqdim etməlidirlər: "Uşaq övladlığa götürən ailələr məhkəmə qətnaməsi veriləndən 6 ay sonra, 3 il olmaq şərti ilə ildə 2 dəfə Azərbaycan tərəfinə hesabat təqdim edirlər. Hesabatlarda uşağın təhsilini, inkişafını əks etdirən şəkillər, 15 dəqiqəlik videoyazı komitəyə təqdim edilir. 3 ildən sonra isə bu nəzarət dayandırılır".

3 ildən sonrakı müddətdə övladlığa verilən uşaqla bağlı hər hansı problemlərin ortaya çıxma ehtimalına gəldikdə, S.Məmmədov qeyd edib ki, 2007-ci ildən indiyədək olan təcrübələrinə əsasən, övladlığa götürülən ailələrlə bağlı hər hansı problem ortaya çıxmayıb: "Təbii ki, belə problemlər olarsa, dövlət öz tədbirini görəcək. Əlaqədar qurumlar vasitəsi ilə bizim iradımız qarşı dövlətə çatdırılacaq".

Qeyd edək ki, dövlət başçısının fərmanı ilə 2007-ci ildən xarici övladlığa verilmə ilə bağlı mərkəzi orqan qismində Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi çıxış edir.

Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar